Məkkə sazişi parlamentdə! Tarixi müdafiə paktı müzakirəyə çıxarılır
Məkkə sazişi yaxın bir neçə gün ərzində Türkiyə parlamentinin müzakirəsinə təqdim olunacaq.
TodayPress TV xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik partiyanın Mərkəzi İcra Komitəsinin iclasının yekunlarına dair bildirib.
"Məkkə sazişi üzrə proses indiki məqamadək yetkin mərhələyə çatıb. Əlbəttə, onun parlamentə daxil olması tələb olunacaq. Söhbət bunun bir neçə gün ərzində baş verəcəyindən gedir. Hüquqi baza parlamentdəki proses başa çatdıqdan sonra formalaşacaq", - deyə Çelik vurğulayıb.
Bu müdafiə alyansının xarakterindən danışan AKP nümayəndəsi qeyd edib ki, o, Türkiyənin iştirak etdiyi digər ittifaqlara alternativ deyil. Onun sözlərinə görə, saziş "tamamlayıcı funksiyanı yerinə yetirir və digər dövlətlərin qoşulması üçün açıqdır".
Xatırladaq ki, Məkkə sazişini avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud və Pakistanın Baş naziri Şahbaz Şərif imzalayıblar. Saziş ölkələrdən birinə hücumun razılaşmanın bütün iştirakçılarına qarşı təcavüz kimi qiymətləndirilməsini nəzərdə tutur.
Aysel Mətləb