“Biz 1000 addım öndəyik” - Kobaxidzedən Avropaya
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropaya inteqrasiya istiqamətində öz yolunu seçdiyini bildirib.
TodayPress TV xəbər verir ki, Kobaxidze Avropa Komissiyasının genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Gürcüstanın yalnız kağız üzərində namizəd ölkə olduğu və Moldova ilə Ukrayna ilə eyni səviyyəyə çatmasını istədiyi barədə açıqlamasına münasibət bildirib.
Baş nazir Avropa Parlamentini tənqid edərək bu qurumun son dövrdə “yalandan başqa heç nə yaymadığını” deyib. Onun sözlərinə görə, Moldova və Ukrayna Gürcüstanı hansısa göstəricidə qabaqlayırsa, bu, yalnız mənfi göstəricilər üzrə mümkündür.
“Bizim öz yolumuz var. Bu yol sülh və iqtisadi inkişaf yoludur və biz bu istiqamətdə mütləq davam edəcəyik”, - Kobaxidze bildirib.
Gürcüstanın Avropa İttifaqının genişlənməsi ilə bağlı sənəddə qeyd olunmamasına da münasibət bildirən baş nazir ölkəsinin Ukrayna, Moldova və digər namizəd ölkələrdən “1000 addım öndə” olduğunu vurğulayıb.
Kobaxidze Gürcüstanın Avropaya inteqrasiya prosesini davam etdirmək niyyətində olduğunu deyib. O, Assosiasiya sazişi çərçivəsində öhdəliklərin 90 faizinin artıq yerinə yetirildiyini qeyd edib.
Baş nazirin sözlərinə görə, Avropa Komissiyası Gürcüstana “ədalətli və sağlam yanaşma” nümayiş etdirərsə, ölkənin Avropaya inteqrasiyası maneəsiz şəkildə davam edə bilər.
Kübra Musayeva