BMT-dən Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı qərar: Sənəddə nələr var?
Gürcüstan media məkanında əsas diqqət siyasi proseslərə və ölkənin Avropa inteqrasiyası ətrafında gedən müzakirələrə yönəlib.
TodayPress TV xəbər verir ki, həm müstəqil, həm də proqovernment kanallar eyni mövzuları fərqli rakurslardan işıqlandırıb.
Ən çox müzakirə olunan xəbərlərdən biri Avropa Parlamentinin qəbul etdiyi qətnamə olub. Sənəddə “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarını qadağan etmək cəhdlərinə qarşı çıxış edilib, siyasi məhbusların azad edilməsi və bəzi rəsmilərə qarşı hədəfli sanksiyalar tələb olunub. Bu qətnamə həm müxalifət, həm də hakim dairələrin çıxışlarında geniş yer alıb.
Eyni zamanda BMT-nin İnsan Hüquqları Şurasında Gürcüstanın işğal olunmuş əraziləri ilə bağlı qətnamənin konsensusla qəbul edilməsi də diqqət mərkəzində olub. Qətnamədə Abxaziya və Cənubi Osetiya regionlarında insan hüquqlarının vəziyyətinə dair narahatlıq ifadə olunub və beynəlxalq mexanizmlərin maneəsiz çıxışı tələb edilib.
Daxili siyasətdə isə həbsxana sistemi ilə bağlı xəbərlər üstünlük təşkil edib. Rustavi həbsxanasında saxlanılan Giorgi Davitadze ilə bağlı iddialar, ombudsmanın açıqlamaları və vəkillərin şərhləri bir neçə gün ərzində xəbər lentlərində qalıb. Bundan əlavə, Milli Bankın İdarə Heyəti üzvü Nana Keynişvilinin sahibkarlıq fəaliyyəti ilə bağlı araşdırma başladılması da iqtisadi-siyasi xəbərlər sırasında yer alıb.
Media azadlığı mövzusu da aktual qalıb. "Transparency International" Gürcüstanın açıqlamasında müstəqil televiziya kanallarına qarşı tənqidi söz və ifadələrin faktiki olaraq qadağan edilməsi iddia olunub. Bu, son aylarda media mühiti ətrafında gedən müzakirələrin davamı kimi qiymətləndirilib.
Xarici əlaqələr sahəsində isə Azərbaycanla qaz təchizatı müqaviləsinin 20 il müddətinə uzadılması barədə xəbər müsbət fonda işıqlandırılıb. Həmçinin yerli media Rusiya-Ukrayna münaqişəsi, Avropa siyasəti və regional təhlükəsizlik məsələlərini də gündəlik izləyib.
Türkan İsgəndərli