Rusiya mediası silkələnir - Ukrayna vurduqca Moskva imdad axtarır
Bu həftə Rusiya media məkanında əsas yer tutan mövzuların əksəriyyəti birbaşa hərbi hadisələrlə bağlı olub.
TodayPress TV-nin məlumatına görə, xüsusilə Ukrayna tərəfindən göndərilən dron hücumları və onlara qarşı müdafiə tədbirləri bütün əsas televiziya kanallarında, internet portal və qəzetlərdə ön sırada dayanıb.
Həftə ərzində bir neçə gecə ardıcıl olaraq Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumları qeydə alınıb. Müdafiə Nazirliyinin məlumatına görə, 8 oktyabr gecəsi 399, 9 oktyabr gecəsi isə 505 Ukrayna dronu vurulub.
Hücumlar Belqorod, Bryansk, Kaluga, Kursk, Voronej, Tver, Tambov vilayətləri, Moskva regionu, Krasnodar diyarı, Krım və digər əraziləri əhatə edib. Bəzi hallarda yaşayış binaları, uşaq bağçası, zavod və hətta “Yandeks”in data-mərkəzi zədələnib. Belqorod vilayətində dörd nəfərin həlak olduğu, bir sıra regionlarda isə yaralıların olduğu bildirilib. Bir neçə hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
Eyni zamanda Rusiya ordusunun Ukrayna ərazisindəki hədəflərə zərbələri də geniş işıqlandırılıb. Müdafiə Nazirliyi həftə ərzində səkkiz irimiqyaslı zərbənin nəticələrini açıqlayıb. Enerji, logistika və hərbi obyektlərin sıradan çıxarıldığı iddia edilib.
Siyasi gündəmdə isə Prezident Vladimir Putinin fəaliyyəti diqqət mərkəzində olub. 5 oktyabr – Müəllimlər Günündə o, müəllimlərlə görüşüb, peşənin əhəmiyyətindən danışıb. Oktyabrın 8-də o, Türkmənistana səfər edib və MDB dövlət başçılarının sammitində olub. Bundan əlavə, ABŞ Prezidenti Donald Trampla potensial telefon danışığı və sülh danışıqları ehtimalı da müzakirə olunub.
İqtisadi xəbərlər arasında neft qiymətlərinin yüksəlməsi, büdcə layihəsi və daxili bazarın vəziyyəti barədə materiallar yer alıb.
Türkan İsgəndərli