Avropanın gizlədilən üzü: Hər 5 nəfərdən biri təcavüzə məruz qalır!
Avropa İttifaqının (Aİ) öz rəsmi statistika mexanizmi - "Eurobarometer SP535" hesabatı, Qərbin illərdir dünyaya sırımağa çalışdığı "bərabərlik" və "insan hüquqları" illüziyasının tabutuna son mıxı vurdu.
Şərqi Avropadan Qərbə qədər uzanan institutional irqçilik və sosioloji çürümə artıq diplomatik ifadələrin arxasında gizlənə bilmir. Aİ Kommunikasiya Baş Direktorluğunun apardığı genişmiqyaslı tədqiqat Qərbin ideoloji iflasının rəsmi sənədidir.
Rəsmi statistikanın üzə çıxardığı mənzərə sistemin özünün çökdüyünü göstərir. Vətəndaşların 60%-dən çoxu dəri rəngi və etnik mənşəyə görə ayrı-seçkiliyin kütləvi xarakter aldığını təsdiqləyir. Avropada yaşayan qaraçılara (65%), müxtəlif etnik azlıqlara və fərqli dəri rənginə sahib insanlara (61%) qarşı ksenofobiya artıq məişət səviyyəsindən institusional müstəviyə keçib. Sorğuda iştirak edənlərin 21%-i – yəni hər 5 nəfərdən biri – son 12 ay ərzində şəxsən diskriminasiya, psixoloji təzyiq və təcavüzə məruz qaldığını bəyan edib.

Bu təzyiqlər əsasən yaş, cinsiyyət, siyasi fikirlər, sosial-iqtisadi vəziyyət və fiziki görünüş üzərindən həyata keçirilir. Şəxslərin təhlükəsiz hesab etdiyi küçələr, ictimai məkanlar və iş yerləri artıq diskriminasiya poliqonuna çevrilib. Hətta əmək bazarında da irqçi süzgəclər işləyir; kadr seçimində namizədin yaşı, geyim tərzi, görünüşü və etnik mənşəyi əsas maneəyə çevrilərək Avropanın güvəndiyi "bacarığa görə qiymətləndirmə" prinsipini darmadağın edir.
İllərdir digər suveren dövlətlərə insan hüquqları və demokratiya dərsi keçməyə çalışan Brüssel, bu gün öz daxilində alovlanan sosioloji neofaşizm və sistemli təqib dalğasını cilovlamaqda acizdir. Bunu biz demirik, öz rəsmi məlumatları sübut edir ki, sosial-demoqrafik çatlama büsbütün Avropanı bürüyüb. İndi Qərbin işıqlı vitrinlərdə reklam etdirdiyi "tolerantlıq" örtüyünün arxasında dərin daxili böhran, ksenofobiya və cəmiyyətin "çürüməsi" gizlədilir.
Jalə Rövşən