Turistlərin 80 faizi Bakını seçir – Deputat SƏBƏBİ AÇIQLADI
Turizm
03.11.2025 10:48
“Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verir. Bu isə o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 20-si paytaxtdan kənara, rayonlara səfər edir”.
TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputatın sözlərinə görə, bu ilin ilk doqquz ayında turistlərin ən çox üz tutduğu ikinci istiqamət Qusar olub:
“Azərbaycana gələnlərin 6,4 faizi Qusarda, 4,2 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,4 faizi Qubada, 0,6 faizi Şamaxıda, 2,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qalıb”.

Vüqar Bayramov qeyd edib ki, bu dövrdə turistlərin gecələmə sayı da ötən illə müqayisədə artıb:
“2024-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə bu göstərici 9,3 faiz yüksələrək 1 milyon 937 minə çatıb. Gecələmələrin 14,1 faizi Hindistan, 10,9 faizi Rusiya, 9,1 faizi Səudiyyə Ərəbistanı, 8,7 faizi Türkiyə, 4,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4,6 faizi İsrail, 3,6 faizi Pakistan, 3,5 faizi ABŞ, 3,5 faizi Çin, 3,2 faizi Özbəkistan, 2,8 faizi Qazaxıstan, 2,8 faizi Küveyt, 2,3 faizi Böyük Britaniya, 1,2 faizi Almaniya, 1 faizi İtaliya, 0,8 faizi Gürcüstan, 0,6 faizi İran, 0,6 faizi Bəhreyn, 0,6 faizi Ukrayna, 21,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb”.
Parlamentarinin qənaətincə, bölgələr xarici turistlərin cəlb edilməsində paytaxtla rəqabətdə hələ də geridə qalır:

“Bakı şəhərinin inkişaf etmiş infrastrukturu bu fərqi müəyyən qədər izah etsə də, regional gecələmə göstəriciləri ilə paytaxt arasında hələ də ciddi fərq qalmaqdadır. Təəssüf ki, bölgələr öz turizm potensialını tam təqdim edə bilmir. Bu isə xarici turist axınının azalmasına səbəb olur”.
Vüqar Bayramov əlavə edib ki, regionlarda qiymətlərin yüksək, xidmət səviyyəsinin isə hələ də beynəlxalq standartlardan geridə olması problemi qalmaqdadır:
“Bu, o deməkdir ki, bölgələrin turizm potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və daha çox turist cəlb edilməsi üçün sistemli tədbirlərə və dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”.
Qiymət Mahir
tag: Vüqar Bayramov,Deputat,Turist,Bakı,Todaypress.tv,
        