Trampdan 7 ölkəyə QADAĞA: Siyahıda Suriya da var

Təhlil

17.12.2025 17:30

ABŞ Prezidenti Donald Tramp yeddi ölkə vətəndaşlarının ABŞ-yə girişini tam qadağan edən sərəncam imzalayıb. Qadağa 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək və Burkina Faso, Laos, Mali, Niger, Syerra-Leone, Cənubi Sudan və Suriya vətəndaşlarına, eləcə də Fələstin Muxtariyyəti tərəfindən verilmiş səyahət sənədləri ilə gedən şəxslərə şamil olunacaq.  Ağ Ev qərarı təhlükəsizlik riskləri, zəif sənədləşmə sistemləri, korrupsiya, məlumat mübadiləsində problemlər və terror təhlükəsi ilə əsaslandırıb. 


Maraqlıdır, Tramp niyə ABŞ–Suriya münasibətlərində yumşalma olduğu bir vaxtda Suriyanı bu siyahıya daxil edib? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Sədrəddin Soltan bildirib ki, bu addım ABŞ–Suriya münasibətlərinə ciddi təsir göstərmir:


"Donald Tramp daha əvvəl də Suriyanı bu siyahıya daxil edib və bu addımın Suriya hakimiyyəti, eləcə də mövcud hakimiyyətlə ABŞ arasındakı mümkün anlaşmalara ciddi təsir göstərəcəyini düşünmürəm. Çünki Suriyada cəmiyyət və əhali ABŞ-ni birmənalı şəkildə qəbul etmir. Ölkə Bəşər Əsəd rejimindən çıxıb və təbii olaraq onun tərəfdarları hələ də mövcuddur".

Onun sözlərinə görə, PKK və İŞİD-lə əlaqəli şəxslər ABŞ-də sığınacaq istəyə bilər:

"Eyni zamanda Suriyada PKK terror təşkilatının müxtəlif qolları fəaliyyət göstərir. Bundan başqa, ölkə bir müddət İŞİD terror qruplaşmasının nəzarəti altında olub. Bu baxımdan həm İŞİD üzvlərinin, həm Bəşər Əsəd rejiminin qalıqlarının, həm də PKK-ya bağlı şəxslərin Suriya vətəndaşı kimi ABŞ-də sığınacaq almaq və ya miqrasiya etmək ehtimalı mövcuddur".

Analitik xatırladıb ki, belə hallar əvvəllər də yaşanıb:

"Bu şəxslərin bir qisminin ölkə daxilində müxtəlif cinayətlərdə təqsirli bilinməsi və ya bu cinayətlərdə şübhəli olması da istisna edilmir. Keçmişdə buna oxşar hallar Əfqanıstanla bağlı yaşanıb. Talibanın birinci hakimiyyəti dövründə Əfqanıstanda vətəndaşlara qarşı zorakılıq törətmiş şəxslərin ABŞ-də aşkar edilərək cəzalandırıldığı, eləcə də İran, Səudiyyə Ərəbistanı və digər ölkələrdən olan cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb edildiyi faktlar mövcuddur".

S.Soltan əlavə edib ki, bu səbəbdən Suriyadan ABŞ-yə miqrasiya edə biləcək şəxslər arasında da vaxtilə silahlı qruplaşmalarda, Bəşər Əsəd rejiminin strukturlarında iştirak etmiş və ya sonradan cinayət əməlləri üzə çıxacaq şəxslərin olması ehtimalı istisna olunmur. Bu məsələnin bir tərəfidir.

Politoloq, həmçinin qeyd edib ki, ABŞ ümumilikdə miqrasiya siyasətini sərtləşdirib:

"Digər tərəfdən isə ABŞ Prezidenti faktiki olaraq ölkəsini miqrantlar üçün demək olar ki, qapalı elan edib. Son dövrlərdə İrandan, Əfqanıstandan, bir sıra Afrika ölkələrindən, eləcə də Latın Amerikası ölkələrindən olan miqrantların deportasiyası həyata keçirilib. Bu addımlar sonradan deportasiya prosesləri ilə üzləşməmək və ya cinayətlərdə adı hallanan şəxslərlə bağlı uzunmüddətli məhkəmə proseslərinin qarşısını almaq məqsədilə əvvəlcədən görülən preventiv, qabaqlayıcı tədbirlər kimi qiymətləndirilə bilər".

Jalə Rövşən

TodayPress TV

tag: Sədrəddin Soltan,Politoloq,Tramp,Viza,Todaypress.tv,