Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ?

Bir şaiyə onları dənizə tökdü - Seutada nə baş verir ?
05.08.2026 11:35 Təhlil
Mərakeşdən İspaniyanın Şimali Afrikada yerləşən yarımanklavı Seutaya kütləvi miqrant axını hazırda Avropanın əsas gündəm mövzularından biridir. Qısa müddətdə on minlərlə insanın dəniz və quru yolu ilə Seutaya keçməyə çalışması nəticəsində çoxsaylı insan həlak olub, İspaniya bölgəyə hərbçilər göndərib, Avropa ölkələri isə sərhəd təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər görməyə başlayıb. Hadisənin qəfil bu qədər geniş vüsət almasının səbəbləri ətrafında müxtəlif müzakirələr aparılır. İspaniya hökuməti Seuta şəhərində yaranmış miqrant böhranında Mərakeş hakimiyyətinin mümkün rolunu araşdırır. Maraqlıdır ki, sözügedən zonada miqrant böhranı niyə birdən qabardı? Burada həqiqətən Mərakeş hökümətinin əli ola bilərmi?

Məsələ ilə bağlı politoloq Sədrəddin Soltan bildirib ki, Seutaya yola düşənlər üçün əsas stimul İspaniya Ali Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərardır:

"Seutada baş verən son hadisələrin qəfil geniş vüsət almasının əsas səbəblərindən biri kimi İspaniya Ali Məhkəməsinin bu yaxınlarda qəbul etdiyi qərarın sosial şəbəkələrdə yanlış təqdim olunması göstərilir. Məlumata görə, qərar əslində 2023-cü ildə Mərakeşdən Seutaya keçmiş və heç bir hüquqi araşdırma aparılmadan deportasiya edilmiş Əlcəzair vətəndaşının işi ilə bağlı idi. Ali Məhkəmə qərarında bildirirdi ki, dərhal deportasiya yalnız müəyyən hallarda, xüsusilə zorakılıqla müşayiət olunan kütləvi qanunsuz quru sərhəd keçidləri zamanı tətbiq oluna bilər. Lakin bu qərar sosial şəbəkələrdə təhrif edilərək, guya Mərakeşdən dəniz yolu ilə Seutaya çatan şəxslərin artıq deportasiya olunmayacağı və sərhədin faktiki olaraq açıq olduğu barədə dezinformasiya yayılıb. Bu yanlış məlumat qısa müddətdə minlərlə insanın Seutaya üz tutmasına və bölgədə humanitar böhranın yaranmasına səbəb olub".

Ekspert qeyd edib ki, miqrasiya dalğasının əsas səbəblərindən biri də Mərakeşlə İspaniya arasındakı ciddi sosial-iqtisadi fərqdir: 

"Mərakeşdə adambaşına düşən nominal ÜDM təxminən 4 200–4 600 ABŞ dolları, alıcılıq qabiliyyəti pariteti üzrə isə 10 600–10 800 ABŞ dollarıdır. İspaniyada isə bu göstəricilər müvafiq olaraq 38 000–41 000 və 56 000 ABŞ dollarını ötür. İş imkanlarının, sosial təminatın və həyat səviyyəsinin yüksək olması səbəbindən Seuta mərakeşlilər üçün Avropaya açılan ən yaxın qapı kimi qiymətləndirilir. Bundan başqa, İspaniyada qanunsuz yaşayan miqrantların müəyyən hallarda işləmək hüququ əldə etməsi, sosial yardımlardan yararlanması və sonradan amnistiya ala bilməsi ilə bağlı məlumatlar da insanların ölkəyə üz tutmasına təsir göstərən amillərdən sayılır". 

O, xatırladıb ki, miqrant axınının miqyasını göstərən hadisələrdən biri də "Mağrib Atletik" futbol klubunun 20 yaşlı oyunçusu Fatən Ben Amar əl-Əzizin Seutaya üzərək keçmək istəyərkən həlak olmasıdır. Bu hadisə Mərakeş gənclərinin Avropada daha yaxşı həyat və peşə imkanları ardınca qaçarkən nə dərəcədə böyük risklərə getdiyini göstərən nümunədir. 

Analitik əlavə edib ki, İspaniyada bəzi siyasətçilər və ekspertlər böhranın bu qədər sürətlə böyüməsində Mərakeş hakimiyyətinin passiv mövqeyinin də müəyyən rol oynadığını deyirlər:

"Onların fikrincə, Rabat sərhədə kütləvi axının qarşısını almaq üçün kifayət qədər operativ tədbirlər görməyib. Həmçinin iddia olunur ki, Mərakeşdə fəaliyyət göstərən bəzi radikal millətçi dairələr Seutaya asan keçidin mümkün olması barədə şayiələrin yayılmasına təsir göstərmiş ola bilərlər. Bu ehtimalı irəli sürənlər hesab edirlər ki, məqsəd İspaniyanın Seuta üzərində suverenliyini siyasi müzakirə mövzusuna çevirmək və tarixi ərazi iddialarını yenidən gündəmə gətirməkdir".

O, Mərakeş hökumətinin miqrant axınını məqsədli şəkildə təşkil etdiyini və ya təşviq etdiyini təsdiqləyən hər hansı rəsmi və ya sübut olunmuş faktın olmadığını diqqətə çatdırıb:

"Əksinə, İspaniyanın daxili işlər naziri Fernando Qrande Marlaska Mərakeş hakimiyyətinin vəziyyətin normallaşdırılması və qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində İspaniya ilə əməkdaşlığa hazır olduğunu bildirib". 

Jalə Rövşən 

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər