Müharibənin taleyini dəyişdirəcək qərar - Tramp Zelenskini çıxılmaz vəziyyətdə qoydu
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket göndərmək niyyətində deyil.
Maraqlıdır, Vaşinqtonun burada məqsədi nədir? “Patriot”lar başqa cəbhə üçünmü saxlanılır?
Məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb.

Onun sözlərinə görə, Ukrayna uzun müddətdir ABŞ-dən əlavə “Patriot” sistemləri və raketləri istəyirdi. ABŞ isə israrla bu addımı atmaqdan imtina etdi və onları vermədi.
Ekspert qeyd edib ki, NATO-nun Türkiyədə keçirilən sammitində nəhayət Prezident Tramp Ukraynaya raket yox, lisenziya verməyə razılaşdığını dedi:
"Yəni Ukraynaya lisenziya veriləcəkdi ki, onlar “Patriot” raketlərini istehsal etsinlər. Ancaq sonradan bu addımdan da çəkindi və hələ ki nə raket verir, nə də lisenziya verir. Nədən? Birincisi, İranla müharibədə ABŞ çox ciddi çətinliklərlə üzləşib. İran durmadan ABŞ-nin bazalarını ballistik raketlərlə vurur. Eyni zamanda, İsrailin də müdafiə olunması üçün “Patriot” sistemlərinə və raketlərinə ehtiyac var. Əsas səbəb də bununla bağlıdır. ABŞ-nin özünün bu raketlərə və sistemlərə ehtiyacı olduğuna görə onları heç kimə vermək istəmir".

Onun qənaətincə, digər bir səbəb Vaşinqtonun bu addımın Rusiya ilə münasibətləri daha da kəskinləşdirəcəyini və sülh prosesini ləngidəcəyini düşünməsidir:
"Məlumdur ki, Rusiya ilə Ukrayna arasında sülh sazişinin imzalanması üçün Rusiyanın əsas tələbi Donbasın bütövlükdə ona verilməsidir. Artıq Rusiya Donbasın təqribən 85 faizini işğal edib".

Ekspert Ukraynanın bu cür köməksiz vəziyyətdə qalmasının sülh sazişinin imzalanmasını daha da yaxınlaşdıra biləcəyini düşünür:
"Hər halda görünür ki, ABŞ belə fikirləşir və raket vermir ki, Ukrayna məcbur olub Rusiyanın irəli sürdüyü, özünü qane etməyən sülh sazişini imzalasın. Başqa bir səbəb tapmaq, çox təəssüf ki, qeyri-mümkündür".
Jalə Rövşən