Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür

Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür
30.07.2026 15:35 Təhlil

Rusiyada hakimiyyət sisteminin möhkəmliyi uzun illər Vladimir Putinin əsas üstünlüyü hesab olunurdu. Lakin tanınmış rusiyalı siyasi analitik Tatyana Stanovayanın Carnegie Endowment üçün hazırladığı son təhlil göstərir ki, Kremlin daxilində görünməyən, lakin getdikcə dərinləşən proseslər Putinin hakimiyyət modelini yeni sınaq qarşısında qoyur.


Stanovayanın fikrincə, Rusiya prezidenti artıq ölkə daxilində formalaşan siyasi və iqtisadi narazılıqları əvvəlki kimi hiss etmir. Bu isə 2023-cü ildə "Vaqner" muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin qiyamı ərəfəsində müşahidə olunan təhlükəli kor nöqtələri xatırladır. O zaman da Kremlin sistem daxilində yığılan narazılığı vaxtında qiymətləndirə bilmədiyi bildirilirdi.


Onun  diqqət çəkdiyi əsas hadisə Rusiyanın ən varlı iş adamlarından biri, "EuroChem" və SUEK şirkətlərinin sahibi Andrey Melnichenkonun "The Economist" jurnalında dərc etdirdiyi məqalədir.

Analitikin qiymətləndirməsinə görə, bu yazı adi iqtisadi məqalə deyil. Melnichenko Rusiyanın gələcəyinə dair yeni siyasi baxış irəli sürərək müharibənin uzadılmasının ölkəni çıxılmaz vəziyyətə saldığını, iqtisadi inkişafın isə yalnız sabitlik, beynəlxalq əməkdaşlıq və Qərblə münasibətlərin normallaşdırılması şəraitində mümkün olacağını vurğulayır.

Bu, 2003-cü ildə "YUKOS" şirkətinin rəhbəri Mixail Xodorkovskinin həbsindən sonra ilk dəfədir ki, Rusiyanın ən nüfuzlu oliqarxlarından biri açıq şəkildə dövlətin gələcək inkişaf modeli barədə siyasi mövqe nümayiş etdirir. Son iyirmi ildən çox müddətdə iri biznes nümayəndələri belə mövzularda ictimai çıxışlardan demək olar ki, tamamilə uzaq durmuşdular.


Təhlilin ən diqqətçəkən hissəsi isə Melnichenkonun bu addımını Putinin əvvəlcədən bildiyi barədə iddiadır.

Stanovayanın yazdığına görə, oliqarx məqaləni dərc etdirməzdən əvvəl Kremlin razılığını alıb. Lakin Putin bu təşəbbüsün siyasi çəkisini düzgün qiymətləndirməyərək onu kənar və əhəmiyyətsiz təşəbbüs hesab edib.

Analitik hesab edir ki, məhz bu yanlış qiymətləndirmə Rusiya elitasına mühüm mesaj verib. Onun istifadə etdiyi məşhur ifadə belədir:

"Pişik artıq siçan tutmur". 

Rus siyasi leksikonunda bu ifadə hakimiyyət sahibinin əvvəlki kimi vəziyyətə tam nəzarət edə bilmədiyini, sistemdə baş verən prosesləri vaxtında görə bilmədiyini ifadə edən metaforadır.

Stanovayanın fikrincə, Rusiya siyasi elitasında müharibəyə münasibətdə nəzərəçarpacaq dəyişiklik müşahidə olunur.

Əgər müharibənin ilk illərində hakimiyyət daxilində demək olar ki, tam həmrəylik mövcud idisə, indi iri biznes, texnokratlar və hətta əvvəllər sərt mövqe ilə seçilən bəzi hərbi bloqerlər belə münaqişənin davam etməsinin ölkənin iqtisadi və siyasi gələcəyinə ağır zərbə vurduğunu açıq şəkildə dilə gətirməyə başlayırlar.

Bu yanaşma hələ Putinə qarşı açıq siyasi müxalifət demək olmasa da, Kremlin daxilində fərqli baxışların formalaşdığını göstərən mühüm siqnal hesab edilir.

Stanovaya hesab edir ki, Putinin ən ciddi problemi rəqiblərinin çoxalması deyil, onların mövcudluğunu lazımi səviyyədə qiymətləndirə bilməməsidir. 

Bu baxımdan analitik 2023-cü ildə Yevgeni Priqojinin qiyamını xatırladır. Həmin vaxt da Kreml "Vaqner"in narazılığını lokal problem kimi qiymətləndirmiş, nəticədə silahlı dəstələr demək olar ki, maneəsiz şəkildə Moskvaya doğru irəliləmişdi.

O deyir ki, bu gün də oxşar psixoloji vəziyyət yaranır: Putin sistem daxilində baş verən dəyişikliklərin miqyasını kiçildir və onların uzunmüddətli nəticələrini nəzərə almır.

Analitik yazır ki, Rusiya hazırda iki fərqli yol arasında seçim mərhələsinə daxil olur.

Bir tərəfdə Putinin davam etdirdiyi hərbi eskalasiya, artan hərbi xərclər və Qərblə uzunmüddətli qarşıdurma strategiyası dayanır.

Digər tərəfdə isə iqtisadi reallıqları nəzərə alan və ölkənin beynəlxalq təcriddən çıxmasını vacib hesab edən daha praqmatik yanaşma formalaşır.

Bu tendensiyanın artıq yalnız biznes dairələrində deyil, əvvəllər tamamilə Kreml xəttini müdafiə edən bəzi hərbi şərhçilər və millətçi dairələrdə də hiss olunması siyasi sistem daxilində yeni mərhələnin başlandığını göstərir.

Müəllif  Putinin hakimiyyəti üçün ən böyük təhlükənin küçə etirazları və ya xarici təzyiqlər olmadığını deyir. 

Onun qənaətincə, əsas risk onun özünün yaratdığı siyasi sistem daxilində elitaların düşüncə tərzinin dəyişməsidir. Hakimiyyət uzun illər şəxsi sədaqət prinsipi üzərində qurulsa da, müharibənin uzanması, iqtisadi yükün artması və beynəlxalq təcridin dərinləşməsi bu modelin dayanıqlığını sarsıtmağa başlayıb. 


Analitikin qənaətinə görə, Kreml hələlik sabit görünür. Lakin sistem daxilində yaranan bu çatlar vaxtında aradan qaldırılmasa, gələcəkdə daha ciddi siyasi proseslərin başlanğıcına çevrilə bilər.

Məhz buna görə də Rusiya son illərin ən mühüm siyasi yol ayrıcına yaxınlaşır. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
30 IYUL 2026
Bütün Xəbərlər