Qarabağ Zəfərindən sonra ƏSAS XƏTT: Güclü ordu
Təhlil
06.01.2026 15:14
"Dövlətin özəyini təşkil edən ordunun güclü olması ölkənin bütün sahələrdə gələcəyini müəyyən edir".
Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) ictimai-siyasi əlaqələr üzrə katibi, politoloq Azər Qasımov bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, güclü ordu güclü dövlət deməkdir:
“Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsində vurğuladığı məqamlar da məhz buna işarə edir. Silahlı Qüvvələr daim inkişafda və hərəkətdə olmalıdır. Ordunun təminatının milliləşdirilməsi strateji məsələ olmaqla yanaşı, siyasi müstəqilliyin qarantıdır”.
Azər Qasımovun sözlərinə görə, silah-sursat təminatının dost və qardaş ölkələrdən həyata keçirilməsi başlıca prioritet olmalıdır:

“Silah istehsalı da həmin ölkələrlə müştərək şəkildə təşkil edilməlidir. Azərbaycan dövlətinin bu istiqamətdə apardığı siyasət doğrudur. Atılan addımlar onu göstərir ki, Azərbaycan dövləti təhlükəsizlik strategiyasının prioritetlərini artıq müəyyənləşdirib və bu istiqamətdə ardıcıl fəaliyyət yürüdür”.
Politoloq hesab edir ki, ən vacib məsələlərdən biri silah sistemlərinin diversifikasiyasıdır:
“Mövcud praktika göstərir ki, bir və ya iki ölkədən asılı silah təminatı müəyyən hallarda özünü doğrultmur. Bu baxımdan mümkün qədər dost və qardaş ölkələrin mövcud silah sistemlərinə yönəlmək daha məqsədəuyğundur. Məsələn, hava hücumundan müdafiə sistemləri (HHM) sahəsində Türkiyənin yeni silahlarının alınması buna nümunədir”.
Azər Qasımov sonda qeyd edib ki, Azərbaycan Qarabağ müharibəsində qazandığı Zəfərin mahiyyətini beynəlxalq müstəvidə daha geniş şəkildə təqdim etməlidir:
“Hesab edirəm ki, bu Zəfər ölkənin beynəlxalq imicinin qlobal səviyyədə möhkəmləndirilməsinə yönəldilməli və hamıya sübut edilməlidir ki, Azərbaycan bütün sahələrdə zəfərlərə qadir bir ölkədir”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

Prezident bir sıra önəmli məsələlərə, həmçinin Silahlı Qüvvələrin gücləndirilməsi məsələsinə toxunub:
"Mən şanlı Zəfərimizdən dərhal sonra demişəm ki, biz arxayınlaşmamalıyıq, həyatımızı bu Qələbəni bayram etməyə həsr etməməliyik. Bu, bizi heç yerə aparmayacaq. Ermənistanın nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm".
Qiymət Mahir
tag: Azər Qasımov,Politoloq,Azərbaycan,Ordu,Todaypress.tv,
