Paşinyanın qələbəsi hər şeyin sonu deyilmiş! İrəvanı gözləyən əsl qorxulu ssenari...

Paşinyanın qələbəsi hər şeyin sonu deyilmiş! İrəvanı gözləyən əsl qorxulu ssenari...
08.06.2026 20:09 Təhlil

Ermənistanda keçirilən parlament seçkilərini mübaliğəsiz tarixi adlandırmaq olar. Onların taleyüklü xarakter daşıdığını həm hakimiyyət tərəfdarları, həm də onun əleyhdarları vurğulayırdı. Uzun illərdən sonra ilk dəfə erməni cəmiyyəti partiyalara və siyasi liderlərə deyil, ölkəsinin gələcəyi ilə bağlı iki prinsipial fərqli ssenariyə səs verirdi.

Əslində, bu seçkilərin əsas sualı sadə, eyni zamanda taleyüklü seçimdən ibarət idi: sülh, yoxsa qarşıdurma? Azərbaycanla sülh və perspektivdə Türkiyə ilə münasibətlərin normallaşdırılması, yoxsa qarşılıqlı düşmənçilik siyasətinin və revanş ümidlərinin davam etdirilməsi.

Səsvermənin nəticələri mürəkkəb və ziddiyyətli mənzərə ortaya qoydu. Erməni cəmiyyətinin əhəmiyyətli hissəsi İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Cənubi Qafqazın yeni siyasi reallığını qəbul etməyə məcbur qalan hazırkı hakimiyyətin kursunu dəstəklədi. Lakin əhalinin heç də az olmayan hissəsi hələ də 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində formalaşmış köhnə təsəvvürlərin girovu olaraq qalır.

Məhz buna görə də bu seçkilər Ermənistanın siyasi seçiminin yekunu deyil, yalnız ilk mərhələsi oldu.

Bir çox müşahidəçilər səsvermənin nəticələrini Ermənistan-Azərbaycan sülh prosesinin gələcək taleyi ilə əlaqələndirirdilər. Bunun üçün ciddi əsaslar var idi. Sülh sazişinin mətni tərəflər tərəfindən razılaşdırılıb paraflandıqdan sonra Ermənistanın bu prosesi məntiqi sonluğa çatdırmaq üçün siyasi hazırlığı məsələsi ortaya çıxdı.

Birinci maneə seçkilərin nəticələri ilə bağlı idi. İndi bu məsələ həll olunub.

Lakin ikinci və əsas maneə qalır — Ermənistan Konstitusiyası.

Otuz beş il ərzində Ermənistan dövlətçiliyi Sovet İttifaqının dağılması dövründə yaranmış siyasi və hüquqi konstruksiyalar üzərində qurulub. Məhz həmin dövrdə milli ideologiyanın əsasına uzun illər Azərbaycan əleyhinə ərazi iddialarının əsaslandırılması üçün istifadə olunan müddəalar qoyulmuşdu. Bu gün vəziyyət köklü şəkildə dəyişib. İkinci Qarabağ müharibəsindən və sonrakı hadisələrdən sonra Qarabağın ərazi statusu məsələsi qəti şəkildə bağlanıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olunub. Cənubi Qafqazın siyasi reallığı dəyişib. Lakin keçmişin hüquqi və ideoloji konstruksiyaları hələ də qalmaqdadır. Məhz buna görə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi artıq yalnız bu ölkənin daxili işi olmaqdan çıxıb. O, regional təhlükəsizliyin əsas elementi və erməni siyasi elitasının sülhə doğru irəliləmək niyyətinin səmimiliyini yoxlayan başlıca sınağa çevrilib. Əslində seçkilər bu məsələ ilə bağlı bir növ ilkin referendum rolunu oynadı. Hazırkı kursun tərəfdarlarının qələbəsi erməni cəmiyyətinin əhəmiyyətli hissəsinin yeni reallığı qəbul etməyə hazır olduğunu göstərir. Lakin bu, sülh tərəfdarlarının qəti qələbəsi demək deyil. Erməni cəmiyyəti hələ də dərin şəkildə parçalanmış vəziyyətdədir. Belə tarixi situasiyalar dünya siyasətində dəfələrlə baş verib.

Birinci Dünya müharibəsindən sonra Almaniya da seçim qarşısında qalmışdı: yeni reallığı qəbul etmək, yoxsa özünü revanşa həsr etmək. Uzun illər ərzində alman cəmiyyəti məğlubiyyətin müvəqqəti xarakter daşıdığı mifilə və müharibənin nəticələrinə yenidən baxmaq üçün əlverişli məqam gözləntisi ilə yaşayırdı. Nəticədə məhz revanşizm XX əsrin ən böyük fəlakətlərindən birinin əsas səbəblərindən birinə çevrildi.

Avropanın tarixi aydın şəkildə göstərir ki, heç bir münaqişə atəşkəs imzalandığı anda bitmir. O yalnız cəmiyyət yeni reallığı daxilən qəbul etdikdə başa çatır.  İkinci Dünya müharibəsindən sonra Almaniya və Fransa barışıq və əməkdaşlıq yolunu seçdilər. Məhz buna görə keçmiş rəqiblər gələcək Avropa layihəsinin təməlinə çevrildilər. Lakin başqa nümunələr də var idi.

Balkanlarda millətçi miflər müharibələr başa çatdıqdan sonra belə onilliklər boyu ictimai şüurda qalırdı. Nəticədə hər yeni nəsil sülhü deyil, gələcək revanş zərurəti haqqında yaddaşı miras alırdı. Bu gün Ermənistan məhz belə bir tarixi yol ayrıcındadır. Məsələ sülh müqaviləsinin imzalanıb-imzalanmayacağında deyil. Gec-tez o imzalanacaq. Məsələ başqadır: bu sülh yeni dövrün başlanğıcı olacaq, yoxsa növbəti qarşıdurma mərhələsi öncəsi sadəcə müvəqqəti fasilə? Dünya tarixi göstərir ki, revanşizm heç vaxt xalqlara firavanlıq gətirməyib. O yalnız yeni müharibələr, yeni itkilər və yeni faciələr gətirib.

Buna görə də bu gün Ermənistan üçün əsas çağırış Azərbaycanla münasibətlər deyil. Əsas çağırış öz siyasi illüziyalarını məğlub etmək bacarığıdır. Siyasi sinfinin əhəmiyyətli hissəsi keçmişlə yaşamaqda davam edən heç bir millət uğurlu gələcək qura bilməz. Revanşizm rahat siyasi texnologiya ola bilər, lakin heç vaxt uğurlu dövlət strategiyası olmayıb. Bir tərəfdə ərazi münaqişələri dövrünün başa çatdığını və Ermənistanın gələcəyinin kommunikasiyaların açılmasından, regional əməkdaşlıqdan və qonşularla münasibətlərin normallaşdırılmasından asılı olduğunu anlayanlar dayanır. Digər tərəfdə isə ötən əsrin kateqoriyaları ilə yaşamaqda davam edən siyasi qüvvələr və ictimai qruplar qalır. Onlar üçün müharibədəki məğlubiyyət əvvəlki siyasəti yenidən dəyərləndirmək üçün səbəb olmayıb. Əksinə, onlar günahkar axtarmaqda və beynəlxalq konyunkturanın dəyişəcəyinə ümid etməkdə davam edirlər.

Məhz burada əsas sual yaranır. 

Əgər sülh həqiqətən erməni cəmiyyətinin şüurlu seçimidirsa, bu cəmiyyət öz seçimini praktikada təsdiqləməyə hazırdırmı?

O, onilliklər boyu münaqişəni qidalandıran siyasi və hüquqi yanaşmalardan imtina etməyə hazırdırmı?

O, sülh müqaviləsinin yekun şəkildə imzalanmasını mümkün edən Konstitusiya dəyişikliklərini dəstəkləməyə hazırdırmı?

Bu sualın cavabı yaxın illərin əsas siyasi hadisəsinə çevriləcək.

Bu gün erməni ekspertlərinin özləri etiraf edirlər ki, nə ABŞ, nə Avropa, nə də Rusiya Ermənistan ictimai rəyinə Azərbaycanın malik olduğu təsir gücünə sahib deyil. İrəvanda rəsmi Bakının hər bəyanatı, Azərbaycan Prezidentinin hər çıxışı və hər siyasi təşəbbüsü diqqətlə izlənilir.

Səbəb sadədir.

Məhz Azərbaycan regionun gələcəyini onilliklər boyunca müəyyən edəcək prosesin əsas iştirakçısıdır.

Buna görə Azərbaycan cəmiyyətinin erməni cəmiyyətinə diplomatik səbəblərdən rəsmi şəxslərin hər zaman deyə bilmədiklərini açıq və səmimi şəkildə söyləmək üçün tam hüququ var.

Əsas mesaj son dərəcə aydındır.

 Heç kim Ermənistandan kapitulyasiya tələb etmir.

Heç kim ondan öz suverenliyindən imtina etməsini tələb etmir. Lakin əgər Ermənistan dövləti həqiqətən sülhə can atırsa, o, sülhü hələ imzalandığı anda belə həssas edən siyasi və hüquqi ziddiyyətləri aradan qaldırmalıdır. Tarix xalqlara nadir hallarda ikinci şans verir. Bu gün Ermənistanın belə bir şansı var. Onun yaranması uzunmüddətli münaqişənin başa çatmasından sonra formalaşmış yeni geosiyasi reallığın nəticəsidir. Lakin heç bir imkan pəncərəsi əbədi açıq qalmır. Tarix itirilmiş imkanları nadir hallarda bağışlayır.

1919-cu ildə bir çox Avropa siyasətçisi Versal sülhünün Almaniya məsələsini qəti həll etdiyinə inanırdı. İyirmi il sonra Avropa yeni dünya müharibəsi ilə üzləşdi.

1991-ci ildə bir çoxları Sovet İttifaqının dağılmasından sonra yaranmış münaqişələrin siyasi vasitələrlə tez bir zamanda həll olunacağını düşünürdü. Lakin Cənubi Qafqaz, Balkanlar və bir sıra digər regionlar bunun əksini sübut etdi. Bu gün Cənubi Qafqaz postsovet məkanının ən uzunmüddətli münaqişələrindən birini bağlamaq şansı əldə edib. Lakin uğur yalnız müqavilənin altına qoyulacaq imzalardan asılı deyil. O, cəmiyyətlərin keçmişin siyasi doktrinalarından imtina etməyə və yeni tarixi reallığı qəbul etməyə hazır olmasından asılıdır. Məhz buna görə Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi hüquqi deyil, tarixi əhəmiyyət daşıyır. Söhbət sənədin mətnindən getmir. Söhbət gələcək və keçmiş arasında seçimdən gedir. Beynəlxalq vəziyyət sürətlə dəyişir. Hökumətlər, prezidentlər, ittifaqlar və böyük dövlətlərin prioritetləri dəyişir. Bu gün mümkün olan sabah mümkünsüz ola bilər. Məhz buna görə indiki məqam həqiqətən tarixi əhəmiyyət daşıyır. Ermənistan Şərqlə Qərb arasında, Rusiya ilə Avropa arasında və ya müxtəlif siyasi partiyalar arasında seçim etmir. O, keçmişlə gələcək arasında seçim edir. Tarixi incikliklər siyasəti ilə milli inkişaf siyasəti arasında. Revanşizmlə sülh arasında. Seçkilər ilk addım oldu. Lakin əsl imtahan hələ irəlidədir. Məhz buna görə Paşinyanın qələbəsi hələ sülhün qələbəsi demək deyil.

Bu, sadəcə Ermənistanın son və ən çətin addımı atmaq imkanı əldə etməsi deməkdir.

Sual yalnız ondadır ki, bu şansdan istifadə etmək üçün onda kifayət qədər siyasi iradə olacaqmı?

Filosof Corc Santayananın xəbərdarlıq etdiyi kimi:

“Keçmişi xatırlamayanlar onu təkrarlamağa məhkumdurlar”.

Bu gün Ermənistan üçün vacib olan keçmişi onunla yaşamaq üçün deyil, nəhayət onun girovuna çevrilməyi dayandırmaq üçün xatırlamaqdır.

Ramiz Yunus

“Xəzər” Universitetinin siyasi elmlər üzrə professoru


XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər