Paşinyan Rusiyaya nifrət edirdisə, Türkiyə sərhədi boyunca gəzməyə çıxardı – Tofiq Zülfüqarovdan mübhəm işarələr
Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə etdiyi səfərlər və oradakı fəallığı siyasi kulislərdə ciddi müzakirələrə səbəb olub. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Paşinyanın bu addımlarını və Ermənistanın "Qərbə inteqrasiya" ritorikasını kəskin tənqid edərək, pərdəarxası məqamları barədə danışıb.
Tofiq Zülfüqarov bildirib ki, əgər Nikol Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə yönəltmək istəyirsə, onun addımları bunu təsdiqləmir:
“Beləliklə, əgər Baş nazir Nikol Paşinyan Ermənistanı Rusiyadan uzaqlaşdırıb Qərbə yönəltmək istəyirsə, bəs niyə o, Ermənistanın yeni geosiyasi prioritetlərini simvolizə etmək üçün Ermənistan–Türkiyə sərhədi boyunca piyada gəzintilər etmir, əvəzində isə mübahisəli Zəngəzurda siyasi alpinizmlə məşğul olur?
Niyə məhz 2020-ci ildəki kapitulyasiyanın yerinə yetirilməmiş yeganə şərti olan məşhur 9-cu bəndin aid olduğu ərazidə?
Axı hamımız anlayırıq ki, bu bəndi yerinə yetirməyi ona Rusiya qadağan edib... Həm də söhbət “üçüncü Rusiyadan” gedir.
“Birinci” Rusiya — işğal olunmuş İrəvan xanlığının xarabalıqları üzərində Erməni vilayətini yaradan Rusiya imperiyası idi.
“İkinci” Rusiya — Azərbaycan Xalq Cümhuriyyətinin işğalından cəmi yeddi ay sonra Zəngəzuru qondarma Ararat Respublikasının qalıqlarına verən bolşevik Rusiyası idi.
“Üçüncü” isə Zəngəlan və Laçın istiqamətində irəliləyən Azərbaycan qoşunlarının qarşısına rus hərbi qüvvələrini göndərən “Putin Rusiyası” oldu. Üstəlik, onlar Ermənistan bayrağını deyil, nümayişkaranə şəkildə Rusiya bayrağını qaldıraraq burada kimin sahib olduğunu göstərirdilər.
Düşünürəm ki, tarixi faktların bir qədər publisistik üslubda təqdim etdiyim bu izahı birmənalı şəkildə göstərir ki, “antirus” Paşinyan obrazı, Qafqaz dağlarının arxasına çəkilməkdə olan imperiyanın son mövqelərini qoruyub saxlamağa çalışan bir mifdən başqa bir şey deyil”.
Qiymət Mahir