"Paşinyan dedi ki, Azərbaycan narahat olmasın..." – İrəvandan gələn MƏXFİ MESAJIN DETALLARI

"Paşinyan dedi ki, Azərbaycan narahat olmasın..." – İrəvandan gələn MƏXFİ MESAJIN DETALLARI
12.06.2026 10:46 Təhlil

Ermənistanda keçirilən seçkilərin ilkin nəticələri Nikol Paşinyanın komandasının hakimiyyətini qoruyub saxladığını göstərir. Bu nəticə sadəcə Ermənistanın daxili siyasi mənzərəsini deyil, həm də regionun gələcək taleyini, xüsusilə də Bakı ilə İrəvan arasındakı kövrək sülh prosesini birbaşa diktə edir. Çünki Paşinyanın masada qalan və Azərbaycan qarşısında icra etməli olduğu konkret öhdəlikləri var

Ermənistan konstitusiyasının dəyişdirilməsi, delimitasiya və demarkasiya prosesinin tam qanuni müstəviyə keçməsi, eksklavlar məsələsi və ən əsası – regionun iqtisadi-nəqliyyat xətlərinin açılması... Bütün bunlar rəsmi Bakının İrəvandan tələb etdiyi və Paşinyanın prinsiplə qəbul etdiyi əsas bəndlərdir.


Bəs seçkidən qalib çıxan Paşinyan eyni ritorikanı davam etdirəcək, yoxsa daxildəki mövqeyini möhkəmləndirdikdən sonra sözündən dönməyə çalışacaq?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri Azərbaycanda belə bir narahatlığın mövcud olduğunu bildirib:


“Xüsusilə də seçkinin nəticələri və Nikol Paşinyanın parlamentdə konstitusion çoxluğa malik olmaması ilə bağlı nəticələrdən sonra bu şübhələr artmağa başlayıb. Ancaq bu məsələdə optimistəm və hər şeyi qara rəngdə görmək fikrində deyiləm. Öncə bu parlamentin fəaliyyətə başlamasına ehtiyac var. Çünki hələlik bu məsələdə qeyri-müəyyənlik mövcuddur. Bu gün müxalifət, yəni Rusiyanın emissarları, Rusiyanın "5-ci kolon"u hesab olunan, parlamentə düşən revanşist qüvvələr bundan sonra nə edəcəklərinə qərar verə bilmirlər. Bir tərəfdən fikirlər səslənir ki, bütövlükdə müxalifət mandatlardan imtina etsin. Bu isə parlamenti iflic vəziyyətinə sala bilər və nəticə etibarilə perspektivdə yenidən parlament seçkilərinin keçirilməsinə yol aça bilər.

Ancaq müxalifət bunu istəyirmi? Yəni bu nəticəyə hazırdırmı? Düşünürəm ki, deyil. Nəinki müxalifət, eyni zamanda müxalifəti yemləyən, onun ağası olan Rusiya da buna hazır deyil. Çünki seçkilərin yenidən keçirilməsi Rusiyadan yüz minlərlə erməninin yenidən məcburi qaydada Ermənistana göndərilməsi planını qeyri-mümkün edir. Bu miqyasda insanların göndərilməsi üçün yüz milyonlarla vəsait xərclənib. Nəticə isə fiasko və məğlubiyyətdir. Paşinyan bu seçkini qazandı və hökuməti təkbaşına qurur. Ona görə də hələlik qeyri-müəyyənlik qalır. Müxalifətin necə davranacağı ilə bağlı məsələ hələ həllini tapmayıb”.

Ekspert Paşinyanın müxalifətlə olan münasibətindən də bəhs edib:

“Bundan başqa, Nikol Paşinyanın seçkidə verdiyi vədlər də var. O bildirib ki, müxalif liderlər həbsxanada oturacaq. Bunun üçün ciddi əsaslar mövcuddur. Bir tərəfdən korrupsiya, digər tərəfdən vergidən yayınma, başqa bir tərəfdən İrəvanda Koçaryanın əmri ilə güllələnən insanlarla bağlı cinayət işləri var və həmin işlərin istintaqı hələ də davam edir. Paşinyanın vədləri yerinə yetirilərsə, bu insanların həbsdə oturma ehtimalları az deyil. Ona görə də, açığı, bir qədər səbirli olmağa ehtiyac var. Üstəlik, Nikol Paşinyanın Azərbaycan, Türkiyə, həm də Vaşinqton qarşısında götürdüyü öhdəliklər var. Unutmayaq ki, bu məsələdə əsas zamin ABŞ Prezidenti Donald Trampdır. Çünki Paşinyanın öz mövqeyindən geri çəkilməsi və tamamilə fərqli siyasət yürütməsi bu münasibətlərin pozulmasına gətirib çıxara bilər. Bu isə regionda bağlantı layihələrinin əngəllənməsi, yəni Zəngəzur dəhlizi və TRIPP marşrutunun həyata keçirilməsinin qarşısını ala bilər. Bu plan sadəcə Paşinyanın planı deyil. Bu, Azərbaycanın razılıq verdiyi və Amerika Birləşmiş Ştatlarının geosiyasi və geoiqtisadi maraqlarını ifadə edən böyük geosiyasi layihədir”.

N.Miri Azərbaycan və Türkiyənin Paşinyanın bu seçkilərdə qalib gəlməsi üçün həyata keçirdiyi ciddi siyasət və verdiyi töhfələri də xatırladıb:

 “Ermənistan cəmiyyəti ona görə səs verdi ki, sülhə inandı. Sülhün bərqərar olacağına inandı. Bu inamın formalaşmasında əsas rol oynayan tərəf isə Azərbaycan oldu. Eyni zamanda diplomatik münasibətlər qurulmadan Azərbaycan iki dövlət arasında ticarətin inkişafını təşviq etməyə başladı. Bu gün istər yanacaq, istərsə də digər məhsulların qarşılıqlı satışı həyata keçirilir.

Digər tərəfdən, Türkiyə Axalkalaki-Qars dəmiryolunun açılması, eləcə də Ermənistanla birbaşa ticarətin başlanmasına imkan yaradılması, məhdudiyyətlərin və sanksiyaların aradan qaldırılması ilə Ermənistan məhsullarının xarici bazarlara çıxışına yol açdı. Yəni nəqliyyat kommunikasiyalarının açılması perspektivdə bütün nəqliyyat marşrutlarının Ermənistanın üzünə açılması deməkdir. Bu isə Ermənistanın tamamilə blokadadan çıxması anlamına gəlir. Bu, Ermənistan üçün yeni bazarlar, yeni yollar, yeni nəqliyyat kommunikasiyaları və yeni maliyyə imkanları deməkdir.

Ona görə də Nikol Paşinyanın vəd etdiyi siyasətdən imtina etməsi bütün bunlardan imtina etməsi anlamına gəlir. Ən nəhayət, Nikol Paşinyanın formalaşdırmaq istədiyi “real Ermənistan” qayəsi da məhz sülh siyasətinə hesablanıb. Bütün bunlardan imtina isə müharibə perspektivi yaradır. Ona görə də bir qədər optimist və pozitiv olmağa ehtiyac var”.

Analitik sonda bir detalı da qeyd edib:

“Ermənistanın ədliyyə naziri Srbui Qalyan açıqlama verdi ki, Ermənistanın yeni Konstitusiyasının mətni yaxın həftələrdə cəmiyyətə təqdim olunacaq. Bu, əslində, yalnız Ermənistan cəmiyyəti üçün verilmiş informasiya deyil. Ermənistanda Azərbaycanda gedən bütün prosesləri çox diqqətlə və həssaslıqla izləyirlər. Azərbaycanda mövcud olan şübhə və narahatlıqlardan da xəbərdardırlar. Ona görə də Qalyanın verdiyi bu mesajın Azərbaycana hesablandığını düşünürəm. Məhz ədliyyə nazirinin dili ilə Paşinyan demək istəyir ki, Azərbaycan narahat olmasın. Hər şey planlaşdırıldığı kimi, öz ardıcıllığı ilə davam edəcək. Bu mesajı məhz bu cür anladım. Ona görə də prosesin bundan sonrakı inkişafı ilə bağlı kifayət qədər pozitiv düşünürəm”.

Qiymət Mahir

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər