Müharibədə məğlub olan Paşinyan necə oldu ki, seçkidə qalib gəldi?
1+1 bəzən 2 etmir. Bəzən ən böyük məğlubiyyətlər belə qələbənin bünövrəsinə çevrilə bilir. 2026-cı ilin iyununda Ermənistanda baş verən parlament seçkiləri məhz bu paradoksun canlı sübutu oldu. Müharibənin acı tozu hələ silinməmiş, məğlub lider necə oldu ki, yenidən kürsüsünə qayıtdı?
Paşinyan qorxunun gücünü çox yaxşı hiss edirdi. O, xalqa birbaşa mesaj verdi: "Mənə səs verməklə məğlubiyyətə səs vermirsiniz, keçmişin qayıtmasına əngəl olursunuz". 2020-ci ilin travmasını yaşayan bir cəmiyyət üçün Paşinyan artıq "pislərin ən yaxşısı"na çevrildi. O, Köçəryan və Sarkisyanın kölgəsindən elə istifadə etdi ki, xalq "məğlubiyyəti" unudub, "revanşist keçmişin" qorxusu ilə Paşinyanın ətəyindən yapışdı.
O, bütün kartlarını "sülh" üzərinə qoydu. Erməni cəmiyyəti müharibənin yorğunluğunu sümüklərinə qədər hiss edirdi. O, bu seçkini bir növ referendum kimi təqdim etdi. Xalqın çoxu, istər-istəməz, Paşinyanın bədbin, lakin realistik sülh proqramını özünün sonuncu ümid çırağı kimi qəbul etdi.
Əlbəttə, rəqəmlərin arxasında bir də böyük bir aparat dayanır. Dövlət mexanizminin dişli çarxları Paşinyanın "Vətəndaş Müqaviləsi"nin ritminə uyğun işləyirdi. Lakin buna sadəcə "inzibati resurs" deyib keçmək olmaz. Paşinyan xalqın dilində danışmağı, onların qorxusunu, ümidini və hətta nifrətini idarə etməyi öyrənib. O, küçə mitinqlərinin səs-küyünü seçki qutularının sükunəti ilə əvəzləyərək, özünə "sakit çoxluğun" legitimliyini qazandırdı.
Paşinyanı bu yolda tək qoymayan da var idi. Qərbin ona olan yanaşması: "O, bəlkə də müharibədə məğlubdur, amma o, bizim demokratika layihəmizin əsas subyektidir". Bu dəstək Paşinyana siyasi dözümlülük bəxş etdi. O, Rusiyanın kölgəsindən çıxmağa çalışdıqca, Qərbin ona olan dəstəyi daha da artdı və bu, seçici gözündə onun "dövləti qoruyan lider" imicini bir qədər də möhkəmləndirdi.
Paşinyanın qələbəsi onun necə mahir siyasətçi olduğunun sübutudur. O, məğlubiyyəti bir siyasi kələf kimi söküb, onu yeni bir mandatın parçasına çevirə bildi. İndi Paşinyan üçün əsas məsələ – "sülh" vədini reallığa çevirməkdir. Əgər o, bu dəfə də sülhə gedən yolda "ilişib qalarsa", xalqın ona verdiyi bu son şansı itirəcək.
Paşinyan məğlubiyyətdən zəfər çıxaran bir siyasətçi kimi yaddaşlarda qaldı. Amma indi onun üzərində daha ağır bir yük var: sülhün gerçəkliyini sübut etmək.
Jalə Rövşən