23 iyul 1993: Ağdamın işğalı Birinci Qarabağ müharibəsinin dönüş nöqtəsi
1993-cü il iyulun 23-də, günorta saatlarından sonra Azərbaycan ordusunun son bölmələri Ağdamı tərk etdi. Qırx üç gün davam edən döyüşlərdən sonra Dağlıq Qarabağın şərq qapısı sayılan rayon mərkəzi və ona bitişik onlarla kənd Ermənistan Silahlı Qüvvələrinin nəzarətinə keçdi. Bu, Kəlbəcərin işğalından cəmi üç ay sonra baş verirdi və müharibənin gedişində həlledici dönüş oldu: həmin gündən sonra cəbhə xətti artıq keçmiş DQMV-nin inzibati sərhədləri boyunca deyil, Azərbaycanın düzən rayonlarının dərinliyində formalaşacaqdı.
Ağdam nə üçün hədəf idi
Ağdam təsadüfi seçilmiş hədəf deyildi. Şəhər Kür-Araz düzənliyinin dağlıq əraziyə söykəndiyi nöqtədə, Xankəndidən təxminən 25 kilometr aralıda yerləşirdi. Sovet dövründə burada dəmiryol qovşağı, iri anbar təsərrüfatı və zirehli texnikanın təmir bazası fəaliyyət göstərirdi. 1988-ci ildən başlayan münaqişə dövründə Ağdam təbii şəkildə Azərbaycanın Qarabağ istiqamətindəki əsas arxa bazasına çevrilmişdi: cəbhəyə gedən silah-sursat, ehtiyat hissələr və canlı qüvvə buradan keçirdi.

Erməni komandanlığı üçün Ağdamın ələ keçirilməsi iki vəzifəni eyni anda həll edirdi. Birincisi, şəhər ətrafında yerləşdirilmiş artilleriya Xankəndi və Əsgəran istiqamətini atəş altında saxlaya bilirdi; Ağdamın alınması bu təhlükəni aradan qaldırırdı. İkincisi və daha vacibi Ağdam Azərbaycan ordusunun Dağlıq Qarabağa şərqdən hücum üçün istifadə edə biləcəyi yeganə real çıxış nöqtəsi idi. Ağdamı itirmək bir şəhəri itirmək deyildi; Qarabağa qayıdış imkanının özünü itirmək demək idi. Sonrakı iyirmi yeddi il bu qiymətləndirmənin nə qədər dəqiq olduğunu göstərdi.
Müharibənin ilk illərində Ağdam
1993-cü ilə qədərki dövrdə Ağdam artıq müharibənin mərkəzi məkanlarından birinə çevrilmişdi. Şəhər həm könüllü dəstələrin toplandığı, həm də Dağlıq Qarabağdan çıxarılan azərbaycanlı əhalinin ilk qəbul olunduğu nöqtə idi. 1991–1992-ci illərdə Şuşa, Xocalı və Xankəndi istiqamətlərinə gedən yardım və təchizat da əsasən buradan keçirdi.
1992-ci il fevralın sonunda Xocalıda törədilən qırğından sonra sağ qalanların, sonra isə həlak olanların cəsədlərinin gətirildiyi yer də Ağdam oldu. Şəhərin xəstəxanası, məscidi və mərkəzi meydanı bu hadisələrin şahidi idi; Xocalı faciəsinin ilk sənədləşdirilməsi foto və video materialların əsas hissəsi məhz Ağdamda aparıldı. Bu səbəbdən şəhərin 1993-cü ildə itirilməsi Azərbaycan cəmiyyətində sırf hərbi deyil, güclü mənəvi zərbə kimi qavranıldı.

Ağdamın hərbi əhəmiyyəti də elə həmin illərdə formalaşmışdı. Sovet ordusunun buraxdığı anbarlar, təmir bazası və nəqliyyat infrastrukturu şəhəri Qarabağ istiqamətindəki bütün əməliyyatların loqistik dayaq nöqtəsinə çevirmişdi. Yəni Ağdam eyni anda arxa cəbhə, humanitar mərkəz və hücum tramplini funksiyalarını daşıyırdı və bu funksiyaların hər üçü 1993-cü il iyulun 23-də bir gündə itirildi.
Kəlbəcərdən sonrakı yanlış hesab
1993-cü ilin aprelində Kəlbəcərin işğalı Bakıda hakimiyyətdə olan AXCP–Müsavat hökumətinin hərbi seçimə olan inamını qırdı. Aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməni qəbul etdi, may ayında isə Moskvada danışıqlar prosesi canlandı. Rəsmi Bakı erməni qoşunlarının Kəlbəcərdən könüllü çıxarılması müqabilində Dağlıq Qarabağa yüksək statuslu muxtariyyət təklif edirdi və bunun müharibəni bitirəcəyinə inanırdı.
Ermənistan tərəfində isə hesab tamamilə fərqli aparılırdı. Robert Koçaryan illər sonra xatirələrində açıqca etiraf edir ki, Kəlbəcər sonradan geri qaytarılmaq üçün alınmamışdı, BMT qətnaməsindən sonra Ermənistana qarşı hər hansı sanksiyanın tətbiq olunmayacağına isə əvvəlcədən əmin idilər.
Onun izahına görə, SSRİ-nin dağılması o qədər sürətlə baş vermişdi ki, aparıcı dövlətlər Cənubi Qafqazdakı maraqlarını hələ dəqiqləşdirməmişdilər və bu boşluq bağlanana qədər maksimum hərbi üstünlük əldə etmək lazım idi. Elə həmin xatirələrdə növbəti addımın Ağdam əməliyyatının daha may ayında müzakirə edildiyi bildirilir.
Bu etirafın əhəmiyyəti tarixi deyil. O həm də göstərir ki, 1993-cü ilin yazında danışıqlar prosesi bir tərəf üçün münaqişənin həlli, digər tərəf üçün isə hərbi hazırlığın örtüyü idi. Bakı sülh sənədi gözləyərkən qarşı tərəf qüvvə cəmləşdirirdi. (Koçaryan, 2019).
İyun 1993: dövlətin özü cəbhədən əvvəl çökür
Ağdamın taleyini həll edən ən ciddi amil ölkənin içərisində formalaşdı. İyunun 4-də Gəncədə keçmiş korpus komandiri Surət Hüseynova sadiq hərbi hissələrə qarşı aparılan əməliyyat uğursuzluqla nəticələndi. Hökumət qüvvələrinin bir hissəsi təslim oldu, bir hissəsi dağıldı. Ölkə vətəndaş müharibəsi astanasına gəldi. İyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi, iyunun 17-də isə prezident Əbülfəz Elçibəy Bakını tərk edərək Kələki kəndinə getdi.
Bu böhran ordunun idarəetmə sistemini faktiki olaraq dağıtdı. Baş Qərargah rəisi iyunun 5-də, müdafiə naziri isə iyunun 16-da istefa verdi. Ölkənin şimalında və cənubunda separatçı hərəkatlar baş qaldırmışdı, əksər siyasi qrupun öz silahlı dəstəsi vardı. Ən ağırı isə budur ki, iyunun əvvəlində Gəncəyə qarşı əməliyyat üçün Ağdam cəbhəsindən artilleriya çıxarılmışdı, onlarla D-30 haubitsası və reaktiv yaylım atəşi sistemi. Yəni erməni ordusu hücuma başlayanda Ağdam istiqaməti öz atəş dəstəyinin bir hissəsindən artıq məhrum idi. Daxili çəkişmənin cəbhəyə birbaşa qiyməti bu oldu.

Xarici təcrid
Hücumun vaxtı diplomatik təcridlə də üst-üstə düşdü. 1992-ci ilin oktyabrında ABŞ Konqresi Azərbaycana dövlət yardımını məhdudlaşdıran 907-ci düzəlişi qəbul etmişdi. Rusiya ilə münasibətlər gərgin idi, İran və bir sıra qonşularla əlaqələr soyumuşdu. Ermənistan isə eyni dövrdə Moskva ilə faktiki hərbi-siyasi yaxınlaşma xəttini qururdu. Regionda güc balansı belə bir mənzərə yaradırdı: bir tərəfdə xarici dəstəkdən və daxili sabitlikdən eyni anda məhrum olan dövlət, digər tərəfdə isə arxa cəbhəsi təmin olunmuş, komandanlığı vahid mərkəzdən idarə edilən ordu.
Erməni komandanlığı vaxt amilini düzgün oxuyurdu. Azərbaycandakı hərc-mərcliyin gec-tez sona çatacağını və qarşılarında daha mütəşəkkil bir ordunun duracağını başa düşdükləri üçün mövcud fürsətdən maksimum istifadə etmək istəyirdilər. Bu, sonradan Koçaryanın da açıq şəkildə yazdığı məntiqdir: vəziyyət lehimizə işləyir, amma bu əbədi deyil.
Əməliyyat planı: mühasirə əvəzinə mühasirə təəssüratı
Dağlıq Qarabağdakı erməni qüvvələrinin ümumi komandanlığını Samvel Babayan, qərargah rəisliyini isə Seyran Ohanyan həyata keçirirdi. Onların Ağdam üzrə planı şəhərə birbaşa frontal hücumu nəzərdə tutmurdu. Ağdərə təcrübəsindən çıxış edərək şəhəri şimaldan və cənubdan əhatəyə almaq, ətraf yüksəklikləri ələ keçirmək və mühasirə təhlükəsi yaratmaq qərara alındı.
Koçaryanın etirafı bu planın psixoloji xarakterini açıq göstərir: real mühasirəni tamamlamaq üçün kifayət qədər qüvvələri yox idi, lakin əhalidə şəhərin mühasirəyə alındığı təəssüratı yaratmağa nail oldular. Əhali tələsik şəhəri tərk etməyə başladı, bu isə müdafiəçilərin əhval-ruhiyyəsini sarsıtdı və müqavimətin zəifləməsinə gətirib çıxardı. Əməliyyat məhz buna hesablanmışdı. Ağdamın süqutunu izah edən amillərdən biri budur: şəhər hərbi baxımdan tam mühasirəyə alınmazdan xeyli əvvəl psixoloji olaraq mühasirəyə alınmışdı.
Qüvvələr nisbəti
Ağdam istiqamətinin müdafiəsi əsasən Talıb Məmmədovun komandanlığındakı 708-ci briqadanın və ona qoşulan Daxili İşlər Nazirliyi bölmələrinin üzərinə düşürdü.
İyul ayında cəbhəyə polkovnik-leytenant Eldar Əliyevin rəhbərlik etdiyi 709-cu motoatıcı briqadanın batalyonları gətirildi. Qarabağ cəbhəsinin komandanlığı yenidən təşkil edilmiş, əvvəlki iki ordu korpusu vahid cəbhə komandanlığı ilə əvəzlənmişdi.

Erməni tərəfi isə iyulun əvvəlinə Ağdam istiqamətində dörd piyada alayı - altı minə qədər hərbçi, iki tank batalyonu (təxminən 60 tank), beş artilleriya divizionu (120-yə yaxın top) və 10 Mi-24 döyüş helikopteri cəmləşdirmişdi (Араслы, 1995). Hücumda Əsgəran, Martuni və Mardakert müdafiə bölgələrinin qüvvələri iştirak edirdi. Nisbət say etibarilə fəlakətli deyildi, həlledici fərq artilleriya, zirehli texnika və ən başlıcası vahid komandanlıq sahəsində idi.
İyun döyüşləri: müdafiə hələ işləyir
Hücum iyunun 12-də Ağdam və Ağdərə istiqamətlərində eyni vaxtda başladı. Əsas zərbələr cənubdan Mərzili–Yusifcanlı, mərkəzdən Əhmədavar–Şelli, şimaldan isə Əlimədədli–Qalayçılar istiqamətlərində endirildi. İlk üç gün ərzində şimal və cənub cinahlarda müdafiə xətti yarıldı, mərkəzdə isə bütün hücumlar dəf edildi.
Bundan sonra baş verənlər Azərbaycan bölmələrinin döyüş qabiliyyəti barədə mühüm həqiqəti göstərir: ilk zərbəni udan hissələr əks hücuma keçdi və itirilmiş kəndlərin demək olar ki, hamısını geri aldı. Şimalda Kürdlər, Mollalar və Əlimədədli, cənubda isə Mərzili, Novruzlu, Yusifcanlı və Qiyaməddinli kəndləri geri qaytarıldı. İyunun 18-nə qədər düşmən cəbhənin böyük hissəsində ilkin mövqelərinə çəkilməyə məcbur oldu.
Məhz Mərzili uğrunda döyüşlərdə, iyunun 12-də, Martuni müdafiə bölgəsinin komandiri Monte Melkonyan və onun kəşfiyyat rəisi öldürüldü. Melkonyan erməni tərəfinin ən təcrübəli və simvolik sayılan sahə komandirlərindən biri idi; onun ölümü Martuni istiqamətində əməliyyat tempinə birbaşa təsir göstərdi. Hadisənin təfərrüatları hər iki tərəfin mənbələrində — həm Azərbaycan zabitlərinin xatirələrində, həm də Melkonyanın qardaşının kitabında — üst-üstə düşür (Melkonian, 2005; Велимамедов, 2019).
Ağdərənin düşməsi və şimal cinahın açılması
Ağdam üzərində birbaşa nəticə ala bilməyən erməni komandanlığı əməliyyat ağırlığını Ağdərə istiqamətinə keçirdi. İyunun 20-dən sonra Qalayçılar yaxınlığında cəbhə yarıldı, iyunun 25-nə qədər Kürdlər, Mollalar, Papravənd, Boyəhmədli, Qarapirimli və Sofulu kəndləri ələ keçirildi, bununla da Ağdam–Ağdərə yolu kəsildi. İyunun 26-da Ağdərə şəhəri işğal olundu.
Bu, taktiki uğurdan daha çox strateji nəticə idi. Ağdərənin itirilməsi Ağdamın şimal cinahını açdı və növbəti mərhələdə şəhəri əhatəyə almaq üçün lazım olan tramplini erməni komandanlığının ixtiyarına verdi. İyun ayının sonunda cəbhə xətti Suqovuşan–Göyarx istiqamətində və Tərtər kanalı boyunca sabitləşdi.
İyulun ilk həftəsi: son uğurlu əks hücum
İyulun 2-də Füzuli və Cəbrayıl istiqamətlərində başlayan hücum Azərbaycan komandanlığının diqqətini yayındırmaq məqsədi daşıyırdı. İyulun 3-də isə əsas zərbə Ağdama endirildi: şimaldan Qızıl Kəngərli və Maqsudlu, cənubdan Muğanlı, Saybalı və Novruzlu istiqamətlərində hücumla Ağdam–Bərdə yolunu kəsmək və şəhərdəki qüvvələri mühasirəyə almaq nəzərdə tutulurdu.

Bu mərhələdə cəbhəyə çatdırılan 709-cu briqadanın batalyonları vəziyyəti dəyişdi. Xıdırlı kəndi və Yeddixırman yüksəkliyi nəzarətə götürüldü, iyulun 5–7-si arasında keçirilən əks hücumla şimalda Qızıl Kəngərli və Maqsudlu, cənubda isə Muğanlı, Şıxbabalı, Saybalı, Bağbanlar və Novruzlu kəndləri geri alındı. Ciddi itki verən erməni bölmələri geri çəkildi.
Nəticə paradoksal oldu. Uğurlu müdafiə və əks hücum Azərbaycan komandanlığında düşmənin hücum potensialının tükəndiyi qənaətini yaratdı. Bu qənaət yanlış idi və qısa müddət sonra ağır qiymətə başa gəldi. İyulun 8-dən sonra Ağdam istiqamətində fəal döyüş əməliyyatları dayandı, bu fasilə isə əslində yenidən qruplaşma üçün istifadə olundu.
Şəhərin taleyi həll olunarkən şəhərdə vəzifə davası
İyulun 12-də ATƏM-in Minsk qrupunun Mario Rafaellinin rəhbərlik etdiyi komissiyası vəziyyəti yerində qiymətləndirmək üçün bölgəyə gəldi. Şəhəri və ətraf kəndləri araşdırdıqdan sonra komissiya geri döndü; heç bir təminat, heç bir mexanizm arxada qalmadı.
Bundan üç gün sonra, iyulun 15-də Ağdamın özündə silahlı qrup rayon icra hakimiyyətinin binasını ələ keçirdi və başçını dəyişdirdi. Bu əməliyyatda ordunun bəzi zabitlərinin iştirakı, bir sıra hallarda isə maddi maraq üzündən iştirakı qeyd olunur (Велимамедов, 2019). Yəni düşmən şəhərin ətrafındakı yüksəkliklərə qalxdığı günlərdə şəhərin içərisində hakimiyyət uğrunda mübarizə gedirdi. Ağdamın süqutunun izahını yalnız qüvvələr nisbətində axtarmaq bu səbəbdən yanlış olardı.
Yüksəkliklərin itirilməsi
İyulun 15–16-sında, beynəlxalq komissiya bölgəni tərk edən kimi erməni qoşunları yenidən hücuma keçdi. Bu dəfə hədəf kəndlər deyil, şəhərin ətrafındakı hakim yüksəkliklər idi. Qızıl Kəngərli, Maqsudlu, Şahbulaq və Tərnöyüt kəndləri ilə birlikdə Çobandağ, Yeddixırman və Bozdağ yüksəklikləri ələ keçirildi.
Hərbi baxımdan bu, şəhərin taleyini həll edən an idi. Ağdam artıq bütün istiqamətlərdən müşahidə və atəş altında idi. Yüksəklikləri geri almadan müdafiəni təşkil etmək mümkün deyildi; belə bir əks hücum üçünsə nə ehtiyat, nə də artilleriya resursu qalmışdı. Rəsmi olaraq şəhər mühasirədə deyildi, faktiki olaraq isə əməliyyat sahəsi minimuma endirilmişdi.
21–23 iyul: son üç gün
İyulun 21-də güclü artilleriya hazırlığından sonra Şahbulaq, Əsgəran və Martuni istiqamətlərindən yeni hücum başladı. Həmin gün cənubda Muğanlı və Saybalı süqut etdi. İyulun 22-də şimalda Qiyaslı, qərbdə Xıdırlı, Qasımlı və Şelli, cənubda isə Sarıcalı, Muradbəyli, Novruzlu və Yusifcanlı kəndləri ələ keçirildi. Şəhər üç tərəfdən sıxışdırılmışdı.
İyulun 23-də Azərbaycan bölmələri şəhəri tərk etməyə başladı. Günortadan sonra Ağdam və ona bitişik kəndlər intensiv atəşə tutuldu, ordu hissələri Göytəpə–Eyvazxanbəyli və Zəngişalı–Afətli istiqamətlərində geri çəkildi. Qırx üç gün davam edən döyüşlər Ağdamın və rayonun böyük hissəsinin işğalı ilə başa çatdı. Şəhərin və rayonun on minlərlə sakini, ümumilikdə yüz mindən çox insan Bərdə, Ağcabədi və ölkənin digər rayonlarına doğru köç etdi.
İtkilər
Ağdam uğrunda döyüşlər Birinci Qarabağ müharibəsində Azərbaycan ordusunun bir şəhər uğrunda verdiyi ən böyük itkilərlə yadda qaldı. Mövcud hərbi tədqiqatlarda Azərbaycan tərəfinin itkiləri beş minə yaxın, erməni tərəfinin itkiləri isə min beş yüz nəfər göstərilir (Велимамедов, 2019). Rəqəmlər mənbələrdən asılı olaraq dəyişir və müstəqil şəkildə dəqiqləşdirilməsi çətindir, lakin nisbətin özü mənzərəni verir: müdafiə xətti bir neçə dəfə bərpa olunmuş, hər dəfə yenidən yarılmışdı.
Sonrakı aylarda Ağdamı geri qaytarmaq üçün bir neçə cəhd edildi, lakin heç biri nəticə vermədi. Əksinə, erməni qüvvələri əks hücumla cəbhə xəttini şəhərdən daha da uzağa itələdi. İyulun 25-dən 28-dək Rusiyanın vasitəçiliyi ilə qısamüddətli atəşkəs razılaşdırıldı, lakin bu razılaşma da uzun sürmədi növbəti hədəf cənub rayonları oldu.
Məcburi köçkünlük
Ağdamın işğalının ən uzunmüddətli nəticəsi kütləvi məcburi köçkünlük oldu. Rayonun yüz kənddən çox yaşayış məntəqəsinin böyük hissəsi işğal altına düşdü, əhalisi isə əsasən Bərdə, Ağcabədi, Yevlax və Bakı ətrafına səpələndi. Rayonun işğaldan kənarda qalan kiçik hissəsində cəbhə xəttinin dibində yaradılan müvəqqəti yaşayış məntəqələri onilliklərlə davam edən işğala qarşı dirənişin simvoluna çevrildi.
1993-cü ilin yayında Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan istiqamətlərində baş verən işğallar nəticəsində ölkədə qaçqın və məcburi köçkünlərin sayı bir milyona yaxınlaşdı. Bu, o dövr üçün əhalisinin təxminən yeddidə birinin öz evindən didərgin düşdüyü bir ölkə demək idi. Ağdam bu rəqəmin ən böyük tərkib hissələrindən birini təşkil edirdi və sonrakı iyirmi yeddi il ərzində məcburi köçkünlük məsələsi Azərbaycanın xarici siyasətinin, büdcə siyasətinin və daxili gündəminin sabit elementinə çevrildi.
BMT-nin 853 saylı qətnaməsi və beynəlxalq hüququn hüdudları
İşğaldan altı gün sonra, 1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası yekdilliklə 853 saylı qətnaməni qəbul etdi. Sənəddə hərbi əməliyyatların genişlənməsi və xüsusilə Azərbaycan Respublikasının Ağdam rayonunun işğal edilməsi narahatlıqla qeyd olunur, atəşin dərhal dayandırılması, mülki əhaliyə qarşı hücumların və yaşayış məntəqələrinin bombardmanının sona çatdırılması, işğalçı qüvvələrin isə Ağdam rayonundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb edilirdi.

Bu, həmin il qəbul olunan dörd qətnamədən ikincisi idi. 822, 853, 874 və 884 saylı qətnamələrin dördü də eyni aqibəti yaşadı: onların icrası üçün nə mexanizm, nə də siyasi iradə mövcud idi. Ağdam nümunəsi beynəlxalq hüquqla bağlı sadə, lakin çox vaxt qəbul edilməsi çətin olan həqiqəti göstərir, icra vasitəsi olmayan norma yalnız sənəddir. Azərbaycanın hüquqi mövqeyi 1993-cü ildə də, sonrakı iyirmi yeddi ildə də mübahisəsiz qaldı; dəyişən yalnız bu mövqeyi reallığa çevirə biləcək güc balansı oldu.
İşğaldan sonra: yerlə yeksan edilmiş şəhər
Ağdamın işğaldan sonrakı taleyi müharibə tarixində ayrıca hadisə kimi qeyd olunmalıdır. Şəhər hərbi əməliyyatlar zamanı deyil, sonrakı illərdə sistemli şəkildə söküldü. Yaşayış binaları, ictimai tikililər, məktəblər, muzeylər tikinti materialı üçün parçalandı və daşındı. Bölgəyə gələn xarici jurnalistlər şəhəri müharibədən sonrakı Xirosima ilə müqayisə edir, onu "Qafqazın Xirosiması" adlandırırdılar. Ayaqda qalan yeganə tanınan tikili XIX əsrə aid Cümə məscidi oldu; işğal illərində onun içərisində heyvan saxlanıldığı sənədləşdirilmişdir.
Bu dağıntının hərbi zərurətlə izahı yoxdur. Döyüşlər 1993-cü ilin iyulunda bitmişdi; şəhərin məhvi isə ondan sonrakı iyirmi yeddi ilə yayılmışdı.
İyirmi yeddi il sonra
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də bir güllə belə atılmadan Azərbaycanın nəzarətinə qaytarıldı. Ordu 1993-cü ildə geri çəkildiyi istiqamətlərdən şəhərə qayıtdı və qarşısında şəhər deyil, xarabalıq tapdı. Bu gün Ağdam yenidən qurulur: baş plan təsdiqlənib, infrastruktur çəkilir, sənaye parkı yaradılır, ilk sakinlər qayıdır.
1993-cü ilin iyulu ilə 2020-ci ilin noyabrı arasındakı məsafə həm də bir dərsin məsafəsidir. Ərazi status-kvosu yalnız onu saxlayan güc balansı davam etdiyi müddətdə mövcud olur. Qırx üç günlük Ağdam döyüşləri Azərbaycan ordusunun deyil, o dövrdəki Azərbaycan dövlətçiliyinin sınağı idi və uduzulan da məhz bu sınaq oldu.

Əziz Əlibəyli Beynəlxalq münasibətlər üzrə tədqiqatçı
İstifadə olunan ədəbiyyat
Араслы, Джангир (1995), Армяно-азербайджанский конфликт: военный аспект. Баку.
Велимамедов, Мамед (2019), Очерки по Карабахской войне.
Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха. Москва.
Melkonian, Markar (2005), My Brother’s Road: An American’s Fateful Journey to Armenia. London – New York.
de Waal, Thomas (2003), Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York University Press.
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi (S/RES/853), 29 iyul 1993.
BMT Təhlükəsizlik Şurasının 822 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri.
Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı, 10 noyabr 2020.