İrana əvvəlkindən daha böyük zərbə yaxınlaşır - Xəbərdarlıq edildi
ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hərbi əməliyyat ehtimalı ilə bağlı diqqətçəkən açıqlama verib.
TodayPress TV xəbər verir ki, Tramp "Axios" nəşrinə müsahibəsində İrana qarşı "kütləvi hücum" barədə qərar verməyə yaxın olduğunu bildirib.
O deyib ki, mümkün zərbə əvvəlki əməliyyatlardan daha genişmiqyaslı ola bilər.
Bu cür ritorika Trampın xarici siyasət üslubunda yeni deyil. O, hərbi güc nümayiş etdirməklə qarşı tərəfi danışıqlarda daha güzəştli mövqe tutmağa sövq etməyə çalışır.
Lakin prosesləri diqqətlə oxuyanda görürük ki, bu dəfə vəziyyət əvvəlkilərdən bir qədər fərqlənir.
ABŞ bölgədə hərbi qüvvələrini gücləndirir və zərbə imkanlarını hazır vəziyyətdə saxlayır. Vaşinqton bu dəfə sözlə kifayətlənmək istəmir.
Əgər İran nüvə proqramı və ya regional fəaliyyəti ilə bağlı ABŞ-nin "qırmızı xətlərini" keçərsə, məhdud, lakin səs-küylü hərbi əməliyyat istisna olmayacaq.
Amma ABŞ-nin uzunmüddətli və genişmiqyaslı müharibəyə başlamaq ehtimalı yüksək görünmür. Vaşinqton da belə bir müharibənin hərbi və iqtisadi yükünü nəzərə almağa məcburdur.
Son aylarda müxtəlif əməliyyatlarda uzaqmənzilli raket və yüksək dəqiqlikli sursat ehtiyatlarının azalması ilə bağlı məlumatlar yayılıb. Bu səbəbdən mümkün ssenari daha çox qısa müddətdə həyata keçirilən, strateji əhəmiyyət daşıyan obyektlərə dəqiq zərbələrdən ibarət ola bilər.
Nəzərə almaq lazımdır ki, Trampın açıqlaması həm də ABŞ-nin müttəfiqlərinə və rəqiblərinə ünvanlanmış mesajdır.
Vaşinqton bununla göstərmək istəyir ki, bölgədə hərbi təşəbbüs hələ də onun əlindədir və lazım gəldiyi halda güc tətbiq etməkdən çəkinməyəcək.
Hazırkı mərhələdə dərhal genişmiqyaslı müharibə gözlənilmir. Əsas məqsəd İranı siyasi və hərbi baxımdan güclü təzyiq altında saxlamaqdır. Bununla belə, aktivlər artıq mövqedədir. Qalan tək şey Trampın yaşıl işığıdır. Bölgədə hər hansı gözlənilməz hadisə baş verərsə, təbii ki, Trampın bu bəyanatı mümkün hərbi əməliyyat üçün əvvəlcədən verilmiş xəbərdarlıq kimi təqdim olunacaq.
Jalə Rövşən