Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər

Kreml "iynə üstündə oturub" - Azərbaycana "hücum" edəcəklər
06.08.2026 11:36 Təhlil

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Qırğızıstana, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun isə Ukraynaya səfəri başlayıb. Bu iki səfər arasında birbaşa əlaqə olmasa da, hər iki istiqamətdə Rusiyanın siyasi və ekspert çevrələrinin növbəti hücumlarını müşahidə edəcəyik".

TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O qeyd edib ki, Ermənistan lideri Qırğzıstanda Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak edəcək:

"Paşinyan hesab edir ki, qurum iflic vəziyyətdədir, hətta təşkilatı Kollektiv Təhülkəsizlik Müqaviləsinə Təşkilatına bənzədib. Çünki, Rusiya Avrasiya İqtisadi İttifaqındakı tərəfdaşı olan Ermənistandan məhsulların ixracına qadağalar qoyub. Kreml bu yolla Qərblə yaxınlaşan Nikol Paşinyan hökumətini cəzalandırmağa çalışır. Bu Kremlin siyasi qərarıdır. Halbuki, Rusiyanın qadağaları özünün formalaşdırdığı Avrasiya İqtisadi İttifaqının fəaliyyət mexanizminə ziddir. Bu səbəbdən Paşinyan Qırğızıstana sözünü deməyə gedib. Buna qarşı Kremlin əks-arqumentləri də səsləndiriləcək".

Analitik diqqətə çatdırıb ki, Kreml Ceyhun Bayramovun Kiyevdəki görüşlərini də diqqətlə izləyəcək:

"Azərbaycanın istənilən dövlətlə tərəfdaşlığı ölkəmizin müstəsna hüququdur və buna heç bir dövlət qarışa bilməz. Bununla yanaşı Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiya Kiyevlə əməkdaşlıq edənləri də hədəfində saxlayır".

O vurğulayıb ki, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalist Qordonun iki il dalbadal dövlət başçısına verdiyi eyni suala “Ukrayna işğalla barışmamalıdır” cavabı Rusiyadakı şovinist dariələrin qəzəbinə səbəb olub.

"Bunlara elə gəlir ki, Azərbaycan Krımın ilhaqını və Ukrayna ərazilərinin işğalını həzm etməlidir. Ceyhun Bayramov bir müddət əvvəl Moskvaya səfər etdiyi kimi, bu gün də Kiyevə səfər edib. Ukrayna Azərbaycanın tərəfdaşıdır və bu ölkəyə siyasi, iqtisadi və humanitar dəstəyini əsirgəməyəcək",- politoloq fikrini tamamlayıb.

Qeyd edək ki, avqustun 6-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. Səfər çərçivəsində Ukraynanın xarici işlər naziri Andrey Sibiha və digər yüksək vəzifəli şəxslərlə ikitərəfli görüşlər keçirilir. 

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər