İtaliyadan sərt bəyanat: "Ukrayna üçün müharibəyə girməyəcəyik"!
Təhlil
15.12.2025 13:04
İtaliya baş nazirinin müavini Matteo Salvini ölkəsinin Rusiya ilə müharibədə olmadığını bildirib, italyan uşaqlarının silahlı münaqişəyə cəlb olunmasına qarşı çıxıb və nüvə riskləri fonunda dialoqu yeganə rasional yol kimi qiymətləndirib. O, bəzi Avropa liderlərini Ukraynada sülh prosesini ləngitməkdə ittiham edib.

Maraqlıdır, Salvininin bu açıqlaması Avropa İttifaqında (Aİ) Ukrayna müharibəsinə yanaşmada parçalanmanın dərinləşdiyini göstərir?
Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Elçin Xalidbəyli bildirib ki, Aİ-də Ukrayna məsələsində vahid mövqe yoxdur:

"Avropa Birliyi daxilində Ukrayna müharibəsinə münasibətdə ciddi mövqe ziddiyyətləri mövcuddur. Bəzi dövlətlər bu müharibənin davam etməsində maraqlı olduqlarını gizlətmirlər. Hətta sülh əldə ediləcəyi təqdirdə belə, elə şərtlərlə sülh sazişinin imzalanmasına çalışırlar ki, bu, Rusiyanın növbəti mərhələdə Avropanı hərbi hədəfə çevirmək imkanlarını məhdudlaşdırsın. Xüsusilə də Avropa Birliyinin əsas hədəflərindən biri Ukraynanın Rusiya ilə Avropa arasında bufer zona kimi saxlanılmasıdır".
Analitik qeyd edib ki, bəzi Aİ ölkələri iqtisadi yorğunluq səbəbilə müharibənin tez bitməsini istəyir:

"Eyni zamanda Avropa Birliyi daxilində Rusiya ilə kəskin qarşıdurmadan yayınmağa üstünlük verən ölkələr də var. Bu dövlətlər Ukrayna müharibəsinin mümkün qədər tez sülh sazişi ilə başa çatdırılmasına daha müsbət yanaşırlar. Onların əsas arqumenti ondan ibarətdir ki, müharibə dünya iqtisadiyyatını, xüsusilə də Avropa Birliyi iqtisadiyyatını ciddi şəkildə zəiflədir. Artıq Ukraynaya dəstək üçün Avropa Birliyinin maliyyə-iqtisadi resurslarının məhdudlaşdığı qeyd olunur. Hətta hesab edilir ki, müharibə səbəbilə Avropa ölkələri maliyyə-iqtisadi baxımdan “yorğunluq” mərhələsinə daxil olub və bu proses qoca qitədə siyasi, sosial və iqtisadi böhran risklərini artırır".
Onun sözlərinə görə, bu səbəbdən həm Avropa Birliyinin aparıcı dövlətləri arasında, həm də Şərqi Avropa ölkələrində Ukrayna müharibəsinin dayandırılmasına dair mövqelər getdikcə daha çox ön plana çıxır. Bu sırada İtaliya və Belçika kimi ölkələr, eləcə də Rusiya ilə münasibətləri nisbətən stabil olan Macarıstan yer alır.
E. Xalidbəyli əlavə edib ki, Aİ-də Ukrayna üzrə ziddiyyətlər artır:

"Hazırda Ukrayna müharibəsinə münasibətdə Avropa Birliyi daxilində vahid və birmənalı mövqe mövcud deyil. Mövqelər arasında kəskin ziddiyyətlər var və böyük ehtimalla, müharibənin dayandırılması perspektivi yaxınlaşdıqca bu mübahisələr daha da dərinləşəcək, maraqların toqquşması isə qaçılmaz olacaq".
Jalə Rövşən
tag: Elçin Xalidbəyli,Politoloq,İtaliya,Ukrayna,Todaypress.tv,
