İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq?
İranın müharibədən qalib çıxdığı barədə İran dairələrinin, o cümlədən bəzi azərbaycanlı ekspertlərin səsləndirdiyi fikirlər müəyyən suallar yaradır. Doğrudur, Tehran rejimi çökmədi və ABŞ ilə əldə olunan çərçivə razılaşmasından sonra özünü qalib kimi təqdim etməyə çalışır.
İran bu qarşıdurmaya qədər region boyunca qurduğu təsir şəbəkəsinə arxalanırdı. Livandan Qəzzaya, İraqdan Suriyaya qədər uzanan bu sistem Tehranın əsas strateji üstünlüyü sayılırdı. İndi həmin şəbəkənin əvvəlki gücündən danışmaq olmur. "Hizbullah" ağır itkilər verib, digər müttəfiq qrupların imkanları da xeyli məhdudlaşıb. Nəticədə İran uzun illər istifadə etdiyi təhlükəsizlik buferinin əhəmiyyətli hissəsini itirib.
Hərbi sahədə də vəziyyət ürəkaçan deyil. Nüvə və raket proqramlarına vurulan zərbələr illərlə ayrılan resursların bir hissəsini faktiki olaraq puça çıxarıb. Hörmüz boğazı üzərində əvvəlki təsir imkanlarının zəifləməsi də Tehranın əlini xeyli zəiflədir.
Ən ağır yük isə iqtisadiyyatın üzərinə düşür. Müharibənin və sanksiyaların yaratdığı təzyiq onsuz da problemlərlə üzləşən iqtisadiyyatı daha da çıxılmaz vəziyyətə salıb. İnflyasiya, işsizlik və əhalinin həyat səviyyəsindəki geriləmə hakimiyyət üçün hərbi meydandakı risklərdən heç də az təhlükə yaratmır. İran iqtisadiyyatını xilas etmək üçün təcili nağd pul və investisiyaya ehtiyac duyduğu halda, qərb ona "damcı-damcı" vəsait buraxacaq. Bu mexanizm İran rejiminin iqtisadi ipini tamamilə Vaşinqtonun əlinə verir. Ticarət tərəfdaşları və xarici şirkətlər "sanksiyaların hər an geri qayıda biləcəyi" qorxusu ilə İrana böyük investisiyalar qoymaqdan çəkinəcəklər.
Bu memorandum İran üçün hərbi zərbələrdən yayınmaq və rejimin fiziki mövcudluğunu qorumaq üçün imzalanmış məcburi geri çəkilmə aktıdır. İran rejiminin regional təsir rıçaqları (nüvə, raket, boğaz və proksilər) əlindən alınır, qarşılığında isə yalnız iqtisadi cəhətdən "boğulmamaq" üçün minimum şərait yaradılır. Sənəd strateji baxımdan tamamilə İranın ziyanınadır.
Ona görə də İranın bu prosesdən qalib çıxdığını iddia etmək yersizdir.
Jalə Rövşən