ABŞ bombaladıqca İran Ermənistana girir - Tunellərdə yüzlərlə İran texnikası
İran Avropa ilə əlaqə xətləri üçün yalnız Türkiyədən asılı qalmamaq məqsədilə Şimal-Cənub nəqliyyat dəhlizinin Ermənistan oxu üzrə işlərini sürətləndirib.
İran şirkətləri hazırda Ermənistanda yol və tunel tikintisinə fokuslanıblar.
Onlar artıq İran (Ağarak) sərhədindən Qacarana qədər 32 km-lik yolu inşa edirlər; layihə 2027-ci ildə istifadəyə veriləcək və bu çərçivədə 7,2 km-lik Qacaran tuneli tamamlanacaq. Bundan əlavə, İran Qacarandan Sisiana qədər 60 km-lik avtomobil yolu tikməyi planlaşdırır.
Layihənin həyata keçirilməsindən sonra Sisian-Qacaran hissəsinin uzunluğu 54 km qısaldılacaq, orta sürət isə 50 km/saatdan 100 km/saata yüksələcək. Nəticədə marşrut üzrə səyahət vaxtı 1,5-2 saat azalacaq.

Beləliklə, bu layihələr reallaşarsa, İran Avropa ilə Türkiyə vasitəsilə əlaqəyə alternativ tapa biləcək.
Əlbəttə, İranın Zəngəzur Dəhlizinə kəskin etirazının səbəbi də Şimal-Cənub əlaqəsinin kəsilməsinin qarşısını almaqdır. İran Azərbaycanın onu yan keçərək Naxçıvanla əlaqə quracağı Zəngəzur Dəhlizini tamamilə rədd edir və bundan çox narahatdır.
Tehran Naxçıvanla əlaqə olacaqsa, öz ərazisindən keçən alternativ marşrut təklif edir.
Zəngəzur dəhlizi Azərbaycan üçün həyati əhəmiyyət daşıyır – ölkənin əsas hissəsini Naxçıvanla birbaşa birləşdirərək iqtisadi və strateji müstəqilliyi möhkəmləndirir. Azərbaycan bu dəhlizin açılması məsələsində qəti qərarlıdır və beynəlxalq öhdəliklərə əsasən ondan geri çəkilmir.
Jalə Rövşən