Böyük alim necə olur? Əziz Səncər göstərdi...

Böyük alim necə olur? Əziz Səncər göstərdi...
08.09.2026 15:22 Təhlil

Dünya şöhrətli türk alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər 80 illik yubileyini qeyd edir.

Ömrünün 30 ildən çoxunu insan DNT-sinin bərpası və genetik tədqiqatlara həsr edən alim, elm aləmində imza tdığı böyük kəşflərlə yanaşı, həm də Türk dünyasına bağlılığı, vətənpərvərliyi və gənc tədqiqatçılara verdiyi dəstəklə seçilir. Zəfərimizdən sonra Azərbaycana səfərləri, ölkəmizdəki təhsil və elm ocaqları ilə sıx əlaqələri isə onun Azərbaycan elmi ictimaiyyətinə olan xüsusi diqqətinin bariz nümunəsidir.

Yubiley münasibətilə sabiq deputat Etibar Əliyev Əziz Səncərın elm dünyasındakı izi və irsi ilə bağlı fikirlərini TodayPress TV ilə bölüşüb:


“1990-cı ildən Nobel mükafatçılarının tədqiqatçısıyam və yüzlərlə məqalə yazmışam. Həmişə arzulayırdım ki, Türk dünyasından bir nəfər elm sahəsində Nobel mükafatına layiq görülsün. Düzdür, Əziz Səncərdən əvvəl müsəlman dünyasından iki böyük alim Nobel mükafatına layiq görülüb. Birincisi, Əbdus Salam – pakistanlı fizik fizika sahəsində Nobel mükafatına layiq görülüb. İkincisi, 1999-cu ildə böyük misirli kimyaçı Əhməd Zevayil Nobel mükafatına layiq görülüb.

Əziz hocamızın da bu mükafata layiq görülməsi böyük sevincimizə səbəb oldu ki, Türk dünyasından böyük alim Nobel mükafatına layiq görüldü. Əziz Səncər ömrünün 34 ilini DNT-yə – insan geninin tədqiqatına sərf edib. Bunu Nobel Komitəsində belə təsnifatlandırıblar ki, o, insan DNT-sini təmir etdiyinə görə Nobel mükafatına layiq görülür”.

Etibar Əliyev Əziz Sancarın həm də çox vətənpərvər türk olduğundan bəhs edib:

“Nobel mükafatından ona düşən pul vəsaiti hesabına ABŞ-nin Şimali Karolina ştatında Türk Evi yaratdı və tədqiqatçıları ora cəlb etdi. Nobel medalını və sertifikatını isə Anıtkabir muzeyinə hədiyyə etdi. Əziz Səncərın çox tez-tez Türk dünyasında gənclərə tövsiyələri olur. O tövsiyələr çox maraqlı tövsiyələrdir. Düşünürəm ki, hər gənc oxumalıdır. Bu, elmə, tədqiqata gedən böyük, yorulmaz yoldur və bu sahədə gənclərə çox mühüm tövsiyələri olur. Onun Bakıya gəlməsi, 2021-ci ildə cənab Prezident İlham Əliyevlə görüşməsi, eyni zamanda zəfərimizi böyük Türk dünyasının qələbəsi kimi təsvir etməsi bizim üçün qürurvericidir. Cənab Prezident İlham Əliyev də Əziz Səncəri “Şöhrət” ordeni ilə təltif etdi”.

Sabiq deputat Əziz Səncərlə ilk dəfə UNEC-in rektoru Ədalət Muradovun dəvəti ilə universitetə gələndə tanış olduğunu bildirib:

“UNEC-də Əziz Sancarın adına laboratoriya da təsis olunub. Bunun özü də həddindən artıq yaxşı haldır. Özü də mütəmadi olaraq UNEC-lə əlaqə qurur. Ən əsası, alimin ən əsas keyfiyyətlərindən biri tək özünü yetişdirmək deyil, gəncləri arxasınca aparmaq, onlara tövsiyə vermək, tədqiqatlarını maliyyələşdirməkdir. Bütün bu məziyyətlərin hamısı Əziz hocamızda var və mən onu 80 illik yubileyi münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, senytabrın 7-də Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi barədə Sərəncam imzalayıb.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər