Monsadakı ağır qəzanın fəsadları: Lekler Madridə cəza ilə gedir?
“Ferrari” mühəndisləri Şarl Leklerin İtaliya Qran-prisində baş verən qəzadan sonra onun bolidindəki güc qurğusunun vəziyyətini təhlil edirlər.
TodayPress TV xəbər verir ki, bu barədə “AutoRacer” nəşri məlumat yayıb.
Bildirilir ki, Monsa trassında Leklerin bolidinə “ADUO 2” spesifikasiyalı yeni güc qurğusu quraşdırılmışdı. Qəza nəticəsində mühərrik zədələnib, həmçinin zərbədən sonra uzun müddət işlək vəziyyətdə qalması vəziyyəti daha da ağırlaşdıra bilər. Güc qurğusunun son vəziyyəti barədə qərar axşam saatlarında veriləcək.
Mühərrik dəyişdiriləcəyi təqdirdə, Lekler sentyabrın 13-də hər kəs üçün yeni olan Madrid Qran-prisində start torunda cəza alacaq. Yeni mühərrikin quraşdırılması mövqe itkisi demək olacaq ki, bu da bütün pilotlar üçün tanış olmayan trekdə ciddi dezavantaj yaradır.
Bununla yanaşı, “Ferrari” Madrid mərhələsi üçün arxa asqı sistemində aerodinamik düzəlişlərlə bağlı kiçik texniki yeniləmə hazırlayıb. Komanda daha ciddi yeniləmə paketini isə Ostində keçiriləcək ABŞ Qran-prisində təqdim etməyi planlaşdırır.
Xatırladaq ki, moneqasklı pilot yarışın üçüncü dövrəsində “Parabolika” döngəsində trassdan çıxıb və onun SF-26 bolidi ciddi zədələnib. Bu zədələr Madrid mərhələsindən əvvəl mühərrikin dəyişdirilməsinə səbəb ola bilər.
Namiq HUN