Səhiyyə Nazirliyi bayram günləri ilə bağlı əhaliyə müraciət etdi

Sağlamlıq

19.03.2026 10:21

Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində ölkə əhalisinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə vətəndaşlara müraciət edib.

Bu barədə TodayPress TV-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmək, əl gigiyenasına riayət etmək, qida qəbuluna diqqət yetirməyi və gündəlik qidalanma rejiminə vitaminlərlə zəngin məhsullar daxil etmək tövsiyə edilir.

Müraciətdə həmçinin qeyd olunub ki, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-sabit keçməsi fonunda respirator xəstəliklərin, eləcə də mövsümi qrip hallarının artması müşahidə oluna bilər. Bu mövsümdə havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin hava şəraitinə uyğun seçilməsi məsləhət görülür.

TodayPress TV

tag: Səhiyyə Nazirliyi,Bayram,Əhali,Müraciət,Todaypress.tv,