Tənhalıq hissini azaltmağın YOLLARI
Maraqlı
30.03.2026 19:15
Beynəlxalq alimlər qrupunun apardığı yeni araşdırmaya görə, sosial mediada gündəlik vaxtın bir saata endirilməsi narahatlıq və depressiya yaşayan gənclərdə tənhalığın azalmasına kömək edir.
TodayPress TV xəbər verir ki, tədqiqat "Afective Disorders" Jurnalında dərc olunub.
Araşdırmada 17-25 yaş arası, gündə ən azı iki saat sosial mediada vaxt keçirən və artıq psixoloji simptomlar yaşayan 219 tələbə iştirak edib. Onlar iki qrupa bölünüb: bir qrup sosial media istifadəsini gündə bir saatla məhdudlaşdırıb, digər qrup isə əvvəlki kimi istifadə etməyə davam edib.
Üç həftə sonra nəticələr göstərib ki, sosial mediadan daha az istifadə edən iştirakçılarda tənhalıq hissi əhəmiyyətli dərəcədə azalıb. Digər qrupda isə ciddi dəyişiklik müşahidə olunmayıb.
Tədqiqatın həmmüəlliflərindən olan Ottava Universitetinin alimi Qari Qoldfild bildirib ki, sosial media insanları birləşdirmək üçün yaradılsa da, həddindən artıq istifadə əksinə, tənhalığı artıra bilər.
Alimlər bunu “izdiham effekti” ilə izah edirlər. Belə ki, sosial mediada çox vaxt keçirmək real həyatda ünsiyyəti azaldır. İstifadə azaldıqda isə insanlar dostları və ailələri ilə daha çox ünsiyyət qurmağa başlayır.
Bundan əlavə, sosial şəbəkələrdə başqalarının həyatının “ideal” görüntüləri ilə müqayisə aparmaq da narazılıq hissini artırır. Maraqlıdır ki, hətta özlərini tez-tez başqaları ilə müqayisə edən iştirakçılar belə, sosial media istifadəsini azaltdıqda müsbət təsir görüblər.
Alimlər vurğulayır ki, bu yanaşma sosial mediadan tam imtina demək deyil. Sadəcə istifadənin orta səviyyədə azaldılması psixoloji vəziyyətə müsbət təsir göstərə bilər. Bununla belə, bu üsul narahatlıq və depressiyanın tam müalicəsi deyil, yalnız dəstək vasitəsi kimi qiymətləndirilir.
Türkan İsgəndərli
tag: Tənha,Hiss,Depressiya,Sosial media,Todaypress.tv,
