Mesajlaşma niyə anlaşılmazlığa səbəb olur?

Maraqlı

05.05.2026 07:00

Həssas və çətin mövzuların yazışma vasitəsilə həll edilməsi, canlı ünsiyyətlə müqayisədə daha çox anlaşılmazlıq və münaqişəyə səbəb olur.

TodayPress TV xəbər verir ki, Kaliforniya Universiteti və London İmperial Kollecinin mütəxəssisləri apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər. Tədqiqatın nəticələri nüfuzlu "Nature Communications" elmi jurnalında dərc olunub.

Elmi təcrübəyə 1 500 iştirakçı cəlb edilib və ümumilikdə 1 842 dialoq analiz olunub. Rəyi soruşulanların böyük bir qismi müzakirə aparmaq üçün mətn formatına (yazışmaya) üstünlük verərək, öz fikirlərini bu yolla ifadə etməyin daha rahat olduğunu bildiriblər. Bir çox iştirakçı mesajlaşmanın canlı danışıqdan daha təhlükəsiz və sakitləşdirici olduğunu düşünsə də, təcrübənin nəticələri bunun əksini göstərib. Təcrübə zamanı tərəflər abort, ölüm cəzası və immiqrasiya kimi ciddi və mübahisəli mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Araşdırma sübut edib ki, davamlı mesajlaşma daha çox mübahisəyə yol açır və tərəflərin ortaq məxrəcə gəlmək ehtimalını azaldır. Bunun əksinə olaraq, üz-üzə aparılan dialoqlar insanların daha qısa müddətdə razılığa gəlməsinə şərait yaradıb. Alimlər bunu səs tonu və intonasiyanın gərginliyi azaldan empatiya hissini ötürməsi ilə izah edirlər. Yazışmalarda emosional siqnalların (səs, mimika) olmaması mətnin daha sərt qəbul edilməsinə və müsahibin aqressiv kimi qavranılmasına səbəb olur.

Statistik göstəricilər də canlı ünsiyyətin üstünlüyünü təsdiqləyir:

Qarşılıqlı anlaşma: Canlı və şifahi ünsiyyət quranlarda 4.95 bal, yazışmaya üstünlük verənlərdə isə 4.30 bal təşkil edib.

Münaqişə səviyyəsi: Şifahi ünsiyyət qrupunda daxili münaqişə cəmi 1.51 bal olduğu halda, mesajlaşanlarda bu göstərici 1.93 bala qədər yüksəlib.

Hətta videobağlantı vasitəsilə aparılan söhbətlər belə yazışmalardan daha effektiv olsa da, ən yüksək nəticəni birbaşa şifahi ünsiyyət göstərib. Mütəxəssislər həmçinin müəyyən ediblər ki, mübahisələrin səsli qeydlərini dinləyən şəxslər tərəfləri daha yaxşı başa düşür və onlara qarşı daha anlayışlı yanaşırlar.

TodayPress TV

tag: Araşdırma,Mesaj,İnsan,Sosial,Todaypress.tv,