Səkinə Babayeva: “Kənd təsərrüfatı sahəsində qadınların töhfəsi əvəzsizdir”

Kənd Təsərrüfatı

17.12.2025 11:52

“Kənd təsərrüfatının gələcəyi, ərzaq təhlükəsizliyinin təmin olunması və dayanıqlı inkişaf məsələləri bu gün keçirilən tədbirdə geniş müzakirə edilib, çıxışlar zamanı kənd qadınlarının aqrar sahədə oynadığı mühüm rol xüsusi vurğulanıb”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, statistik göstəricilər kənd təsərrüfatının dayanıqlı inkişafının qadınların fəal iştirakı olmadan mümkün olmadığını açıq şəkildə göstərir. Qadınların istehsal proseslərinə cəlb olunması həm sosial rifahın yüksəlməsinə, həm də ərzaq təminatının güclənməsinə mühüm töhfə verir.

Çıxışda 2016-cı ildən etibarən qadın sahibkarlığının inkişafı istiqamətində həyata keçirilən təşəbbüslər də xatırladılıb:

“Dövlət qurumları, beynəlxalq təşkilatlar və yerli tərəfdaşların birgə fəaliyyəti nəticəsində kənd yerlərində yaşayan qadınlar üçün yeni imkanlar yaradılıb. Son illərdə regionlarda qadınların sosial və iqtisadi fəallığının artması müşahidə olunur. Xüsusilə məşğulluq proqramları, təlimlər və rəqəmsal bacarıqların inkişafına yönəlmiş layihələr kənd qadınlarının öz potensiallarını reallaşdırmasına şərait yaradıb. Pandemiya dövründə həyata keçirilən dəstək tədbirləri, o cümlədən internetə çıxış və təhsil imkanlarının genişləndirilməsi bu prosesi daha da sürətləndirib”.

Səkinə Babayeva qeyd edib ki, dünya əhalisinin böyük bir hissəsinin rifahı kənd təsərrüfatı ilə sıx bağlıdır və bu sahədə qadınların töhfəsi əvəzsizdir. Onun sözlərinə görə, qadın sahibkarlığının dəstəklənməsi, institusional mexanizmlərin gücləndirilməsi və dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi əsas prioritetlər sırasında yer alır.

Sonda bildirilib ki, həyata keçirilən təşəbbüslər kənd yerlərində yaşayan qadınların iqtisadi müstəqilliyinin artırılmasına, sosial inklüzivliyin güclənməsinə və Azərbaycanın dayanıqlı inkişaf hədəflərinə çatmasına mühüm töhfə verir.

Qiymət Mahir

TodayPress TV

tag: Səkinə Babayeva,Sahibkar,Kənd təsərrüfatı,Qadınlar,Todaypress.tv,