Qoşqar Təhməzli: “Fitosanitar nəzarət ixrac potensialının artırılmasına xidmət edir”

Kənd Təsərrüfatı

17.12.2025 11:16

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi fitosanitar sahədə sistemli və risk əsaslı nəzarət tədbirləri həyata keçirərək bitki sağlamlığının qorunmasını və təhlükəsiz toxum-ting dövriyyəsinin təmin olunmasını prioritet istiqamət kimi müəyyənləşdirib”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Agentlik karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması istiqamətində ardıcıl tədbirlər görür:

“Fitosanitar nəzarətin gücləndirilməsi təkcə daxili bazarın qorunmasına deyil, eyni zamanda Azərbaycanın ixrac potensialının artırılmasına və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. İxracyönümlü fitosanitar tədbirlər Agentliyin fəaliyyətində mühüm yer tutur. Bitki mənşəli məhsulların ixracı zamanı idxalçı ölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir, fitosanitar sertifikatlar isə beynəlxalq standartlara uyğun şəkildə verilir. Bu sahədə rəqəmsallaşma və şəffaflığın artırılması məqsədilə Azərbaycan Respublikası Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının (IPPC) “E-Fito” (ePhyto) sisteminə qoşulub. Sözügedən sistem fitosanitar sertifikatların elektron formada tərtibinə, mübadiləsinə və qarşılıqlı tanınmasına imkan yaradır”.

Agentlik rəhbəri diqqətə çatdırıb ki, fitosanitar sahədə institusional və normativ bazanın təkmilləşdirilməsi məqsədilə “Bitki sağlamlığı haqqında” qanun layihəsi hazırlanıb:

“Qanun layihəsinin qəbul edilməsi bu sahədə şəffaflığın artırılmasına, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsinə, fermer və sahibkarlar üçün aydın və proqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşdırılmasına şərait yaradacaq. Sözügedən sənəd ölkənin ixrac potensialının genişləndirilməsi və Azərbaycanın beynəlxalq ticarətdə fitosanitar baxımdan etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Sonda agentlik rəhbəri qeyd edib ki, qida təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin edilməsi yalnız dövlət orqanlarının deyil, bütövlükdə aqrar sahənin ortaq məsuliyyətidir. Onun sözlərinə görə, Agentlik fermer və sahibkarları nəzarət obyektləri kimi deyil, etibarlı tərəfdaşlar kimi qəbul edir və bu tərəfdaşlığın daha da gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Qiymət Mahir

TodayPress TV

tag: Qoşqar Təhməzli,AQTA,Tədbir,Çıxış,Todaypress.tv,