Orxan Məmmədov: “Yerli məhsulların keyfiyyəti ildən-ilə təkmilləşir”

Kənd Təsərrüfatı

17.12.2025 11:59

“Son illərdə dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlar Azərbaycanın aqrar sektorunun daha rəqabətqabiliyyətli, innovativ, dayanıqlı və ixracyönümlü inkişafını təmin edən möhkəm zəmin formalaşdırıb”.

TodayPress TV xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, keçirilən festivallar Azərbaycan kənd təsərrüfatı istehsalçısının və aqrar sahibkarının artıq yalnız məhsul istehsalçısı deyil, eyni zamanda brend yaradan, bazarları araşdıran və innovasiyalara açıq olan güclü iqtisadi subyekt kimi formalaşdığını aydın şəkildə göstərir. Orxan Məmmədov qeyd edib ki, yerli məhsulların keyfiyyəti, qablaşdırılması, təqdimatı və bazara çıxış imkanları ildən-ilə daha da təkmilləşir.

Agentlik sədri bildirib ki, kiçik və orta biznesin inkişafının stimullaşdırılması əsas prioritetlərdəndir. Onun sözlərinə görə, KOBİA olaraq əsas məqsəd aqrar sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə və qeyri-maliyyə alətlərinə çıxış imkanlarının genişləndirilməsi, eyni zamanda onların yerli və beynəlxalq bazarlara hazırlanmasıdır. Aqrar biznes festivallarının da məhz bu strateji hədəflərə xidmət etdiyi vurğulanıb.

Orxan Məmmədov əlavə edib ki, tədbirlər çərçivəsində qurulan əlaqələr, aparılan müzakirələr və əldə olunan təcrübə mübadiləsi gələcək əməkdaşlıqlar üçün möhkəm əsas yaradır. O əminliklə bildirib ki, bu təşəbbüslərin nəticələri real iqtisadi nəticələrə, yeni məhsulların yaranmasına və yeni bazarlara çıxış imkanlarının genişlənməsinə yol açacaq.

Qiymət Mahir

TodayPress TV

tag: Orxan Məmmədov,KOBİA,Tədbir,Çıxış,Todaypress.tv,