Məmməd Musayev: “Məşğul əhalinin 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır”

Kənd Təsərrüfatı

17.12.2025 11:41

“Kənd təsərrüfatı təkcə iqtisadi fəaliyyət sahəsi deyil, eyni zamanda sosial sabitliyin və milli təhlükəsizliyin əsas dayaqlarından biridir”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti (ASK) Məmməd Musayev Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə məşğul əhalinin təxminən 35 faizi birbaşa və dolayı yolla aqrar sektorla bağlıdır. Kənd təsərrüfatı və emal sahələrinin qeyri-neft ÜDM-də payı isə artıq 10 faizə yaxınlaşır. 

Məmməd Musayev qeyd edib ki, qlobal qeyri-sabitlik, regional münaqişələr və iqlim dəyişiklikləri fonunda qida təhlükəsizliyi məsələsi strateji əhəmiyyət daşıyır.

ASK Prezidenti bildirib ki, 2025-ci il 1 oktyabr tarixinə olan məlumata əsasən, Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir. Bu müəssisələrdən 26-sı iri, 175-i orta, 417-si kiçik, təxminən 12 mini isə mikro sahibkarlıq subyektləridir.

Bununla yanaşı, o diqqətə çatdırıb ki, kredit təşkilatlarının ümumi portfelinin cəmi 1,8 faizi və ya 571 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsinə yönəldilib. Bu göstərici aqrar sektorda maliyyə əlçatanlığının artırılması üçün əlavə maliyyə alətlərinə ehtiyac olduğunu göstərir.

Qiymət Mahir

TodayPress TV

tag: ASK,Məmməd Musayev,Kənd Təsərrüfatı,Sektor,Todaypress.tv,