Məhsul festivallarında satış həcmi 8 milyon manatı ötdü

Kənd Təsərrüfatı

17.12.2025 12:25

“Bu ildən etibarən rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə ölkə üzrə məhsul festivallarının keçirilməsinə start verilib”.

TodayPress TV xəbər verir ki, bu barədə Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov jurnalistlərə açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, ümumilikdə 11 iqtisadi rayonda 19 məhsul festivalı təşkil olunub. Onlardan 12-si birbaşa Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilib.

Direktor bildirib ki, cari ildə keçirilən festivallar çərçivəsində ümumi satış həcmi 8 milyon manatdan çox olub. Müqayisə üçün qeyd edilib ki, ötən il bu göstərici 6 milyon manat təşkil edib.

Anar Cəfərov vurğulayıb ki, festivallar zamanı kredit yarmarkaları da təşkil olunub və maliyyə qurumları prosesdə aktiv şəkildə iştirak ediblər. Eyni zamanda fermerlərin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici təqdimatlar və praktiki nümayişlər keçirilib.

Onun sözlərinə görə, il ərzində regionlarda ümumilikdə 14 panel müzakirəsi təşkil olunub. Bu müzakirələr zamanı fermerləri maraqlandıran suallar yerindəcə cavablandırılıb, qarşıya çıxan problemlər və gözləntilər ətrafında açıq fikir mübadiləsi aparılıb.

Qiymət Mahir

TodayPress TV

tag: Anar Cəfərov,Satış,Həcm,Artım,Todaypress.tv,