"Kənddən şəhərə" Yeni il yarmarkası keçiriləcək
Kənd Təsərrüfatı
19.12.2025 10:45
Dekabrın 20-30-da Bakıda Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə sayca 8-ci "Kənddən Şəhərə" Yeni il yarmarkası keçiriləcək.
Bu barədə TodayPress TV-yə nazirlikdən verilən məlumata görə, yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.
Məlumata əsasən, yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxaracaq. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə bilərlər.
Fermerlər yarmarkada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında fəaliyyət göstərəcək.
tag: Kənddən,Şəhərə,Həftəsonu,Yarmarka,Todaypress.tv,
