Ərzaq təhlükəsizliyi zənciri ciddi nəzarətdə saxlanılır – Qoşqar Təhməzli

Kənd Təsərrüfatı

17.12.2025 11:12

“Ölkədə ərzaq təhlükəsizliyinin sistemli şəkildə təmin edilməsi strateji əhəmiyyət daşıyır və bu istiqamətdə qida təhlükəsizliyi zəncirinin bütün mərhələləri ciddi nəzarətdə saxlanılır.”

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli Aqrar biznes festivallarına həsr olunmuş yekun tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qida təhlükəsizliyi tələblərinə əməl olunmadan ərzaq məhsullarının istehsalı və dövriyyəsinin təşkili insan sağlamlığı üçün ciddi risklər yarada bilər. Bu baxımdan ərzaq məhsullarının istehsalı, emalı, daşınması, eləcə də topdan və pərakəndə satışı daxil olmaqla istehlaka qədər olan bütün mərhələlərdə ciddi izlənilmə tədbirləri həyata keçirilir.

Qoşqar Təhməzli bildirib ki, müxtəlif növ ərzaq məhsullarının satış yarmarkaları, sərgi və festivallarında təqdim edilən məhsullara baytarlıq-sanitariya və sanitariya-gigiyena nəzarəti ciddi şəkildə təmin olunur. Eyni zamanda ilkin istehsal və istehsal sahələri üzrə qida təhlükəsizliyi tələbləri müəyyənləşdirilir, sahibkarlara metodik köməklik göstərilir, müasir beynəlxalq standartların tətbiqi istiqamətində işlər aparılır və əhali arasında maarifləndirici tədbirlər icra edilir.

Agentlik rəhbəri qeyd edib ki, aqrar sahədə innovasiyaların təşviqi, fermer və sahibkarların bilik və imkanlarının genişləndirilməsi, eləcə də dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından Aqrar Biznes festivallarının əhəmiyyəti böyükdür. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında keçirilən bu festivallar artıq aqrar sektor üçün mühüm dialoq, bilik və təcrübə mübadiləsi platformasına çevrilib.

Qoşqar Təhməzli vurğulayıb ki, Agentlik bu festivallarda fəal iştirak etməklə aqrar istehsalda təhlükəsizliyin, keyfiyyətin və dayanıqlılığın təmin olunması ilə bağlı əsas məqsədlərini fermer və sahibkarlara birbaşa, aydın və praktik mexanizmlər vasitəsilə çatdırır.

Qiymət Mahir

TodayPress TV

tag: Qoşqar Təhməzli,AQTA,Tədbir,Çıxış,Todaypress.tv,