Tbilisidə start! Cüdoçularımız tatamidə ilk sınağa çıxdı -YENİLƏNDİ

İdman

20.03.2026 15:23

Gürcüstanda cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürüb.

TodayPress TV xəbər verir ki, ilk yarış günü 4 cüdoçumuz tatami üzərinə çıxıb.

Yarışa fransalı Kilian Noel üzərində qələbə ilə başlayan Turan Bayramov (66 kq) Tbilisi turnirinin 1/4 final mərhələsində mübarizəni uğurla davam etdirib. O, bu mərhələdə dünya və Avropa mükafatçısı Lukas Sahanı (Finlandiya) ipponla keçərək yarımfinala vəsiqə qazanıb. 

Cüdoçumuz yarımfinalda isə gənclər arasında son dünya çempionu Tornike Qiqauridən (Gürcüstan) ipponla üstün olaraq finala vəsiqə qazanıb. Onun həlledici mərhələdəki rəqibi Nurkanat Serikbayev (Qazaxıstan) olacaq.

Eyni çəkidə yarışan Rəşad Yelkiyev (66 kq) yarışı mükafatsız başa vurub.

Qadınların yarışında Könül Əliyeva (48 kq) təsəlliverici görüşə çıxıb. Cüdoçumuz bu mərhələdə rusiyalı rəqibinə məğlub olaraq Tbilisi Böyük Dəbilqəsini 7-ci pillədə tamamlayıb.

Mübarizəyə 1/8 finaldan başlayan Leyla Əliyeva (52 kq) isə israilli Gefen Primo ilə qarşılaşmada məğlub olaraq turnirlə vidalaşıb.

Qeyd edək ki, yarış martın 22-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

tag: Gürcüstan,Azərbaycan,Böyük Dəbilqə,Turnir,Todaypress.tv,