Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi

Portuqaliyalılar kənarlaşdırıldı, “Sabah”ın oyununa fransızlar təyin edildi
07.08.2026 10:19 İdman

UEFA “Sabah” – “Orhus” oyununun hakimini dəyişib

TodayPress TV xəbər verir ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Sabah” – “Orhus” qarşılaşmasının hakim təyinatında dəyişiklik edib.

Buna səbəb cütün məğlubunun UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşmaq ehtimalıdır.

Belə ki, “Benfika” III təsnifat mərhələsinin ilk oyununda Şotlandiyanın “Harts” klubunu 6:1 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlməyə çox yaxındır. Mümkün maraqlar toqquşmasını nəzərə alan UEFA cavab oyununun hakimlər briqadasını dəyişmək qərarı verib.

Əvvəlcə qarşılaşmanı Joao Pineyronun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadasının idarə edəcəyi açıqlansa da, sonradan bu təyinat ləğv olunub. Onların əvəzində oyuna Fransadan olan hakimlər briqadası təyin edilib.

Görüşün baş hakimi Villi Delajod olacaq. Ona yan xətt hakimləri Ervan Finjean və Valentin Evrard kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Erik Vattellier yerinə yetirəcək.

Qeyd edək ki, “Sabah” – “Orhus” oyunu avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək. Danimarkada baş tutan ilk görüşdə “Orhus” 2:1 hesablı qələbə qazanıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər