Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim”

Karlın dopinq etirafı: “Bunun əvəzini ödədim”
10.08.2026 12:48 İdman

2022-ci il Olimpiya çempionu, almaniyalı xizəkçi Viktoriya Karl dopinqə görə diskvalifikasiyası və qadağan olunmuş maddənin orqanizminə necə düşməsi barədə danışıb.

TodayPress TV “Xc-ski.de”yə istinadən xəbər verir ki, 2025-ci ilin martında Qış Dünya Hərbi Oyunlarında Karlın dopinq nümunəsində qadağan olunmuş maddələr siyahısına daxil olan klenbuterol aşkarlanıb.

“Dünya Kubokunda çox sıx təqvimimiz var. Demək olar ki, hər həftə yarış keçirilir və bəzən orqanizm belə yükə tab gətirmir. Hərbçi kimi iki ildən bir ölkəmi hərbçilər arasında dünya çempionatında təmsil etmək öhdəliyim var. Bu, işəgötürənin qanuni tələbidir. Yarışa getməmək üçün xəstə olduğumu deyə bilərdim, amma belə turnirlərdə iştirak etmək mənim borcumdur.

Orada baş verənlər isə hər şeyin səhv getdiyi bir sıra təsadüflərin nəticəsi idi. Orqanizmimə daxil olan hər şeyə görə məsuliyyət daşıdığımı, hər şeyi iki, hətta üç dəfə yoxlamalı olduğumu yaxşı başa düşürəm. Amma öskürək, burun axması və yuxu problemlərim başlayanda adekvat düşünə bilmirdim. Həkimin mənə yazdığı dərmanı qəbul etdim. Vəziyyəti idarə edə bilmədim və bunun əvəzini ödədim.

Əlbəttə, dərmanın tərkibində qadağan olunmuş maddənin olub-olmadığını soruşmalı idim. Amma həkimin idmanla əlaqəsi yoxdursa, ondan bunu soruşmaq faydasızdır. Dərmanı tətbiq vasitəsilə özüm yoxlamalı və ya heç olmasa idman həkiminə zəng etməli idim.

Yekun qərar çıxarılana qədərki dövr mənim üçün ən ağır vaxt idi. Ailəm və həyat yoldaşım hər məsələdə mənə dəstək oldular. İndi isə bütün diqqətimi Falunda keçiriləcək dünya çempionatına mümkün qədər yaxşı hazırlaşmağa yönəltmişəm”, – deyə Karl bildirib.

Qeyd edək ki, almaniyalı xizəkçinin diskvalifikasiyası, müvəqqəti uzaqlaşdırıldığı müddət də nəzərə alınmaqla, 25 noyabr 2026-cı ildə başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər