Dünya reytinqinin birincisi məşqçisindən ayrıldı
İdman
17.12.2025 17:20
“Böyük dəbilqə” turnirlərinin altıqat qalibi, dünya reytinqinin birincisi olan ispan tennisçi Karlos Alkaras məşqçisi Xuan-Karlos Ferrero ilə əməkdaşlığını başa çatdırdığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
“Bunu yazmaq mənim üçün çox çətindir. Yeddi ildən artıq birgə işdən sonra Xuanla əməkdaşlığımızı bitirmək qərarına gəldik. Uşaqlıq arzularımı gerçəyə çevirdiyin üçün təşəkkür edirəm. Bu yola mən hələ uşaq olanda başladıq və o, hər zaman - həm kortda, həm də kortdan kənarda yanımda oldu.
Biz zirvəyə yüksəldik və hiss edirəm ki, yollarımızın ayrılması məhz bu anda - bu yolu başlamağımızın səbəbi olan nöqtədə baş verməli idi. O, məni təkcə idmançı kimi deyil, ilk növbədə bir şəxsiyyət kimi yetişdirdi. Birgə işimizi çox yüksək qiymətləndirirəm. İndi hər ikimiz üçün dəyişikliklər, yeni macəralar və yeni layihələr dövrü başlayır. Amma əminəm ki, yeni uğurlar naminə hər zaman etdiyimiz kimi, bütün gücümüzü ortaya qoyacağıq. Sənə ürəkdən hər şeyin ən yaxşısını arzulayıram. Bilirəm ki, biz bir-birimizə verə biləcəyimiz hər şeyi verdik. Hər şey üçün təşəkkür edirəm, Xuan!” - deyə Alkaras düşüncələrini bölüşüb.
Qeyd edək ki, Karlos Alkaras cari mövsümdə iki “Böyük dəbilqə” turnirinin - “Rolan Qarros” və “US Open”in qalibi olub, üç “Masters” turnirində (Monte-Karlo, Roma və Sinsinnati) qələbə qazanıb, həmçinin üç “500-lük” turnirdə çempionluq edib.
Bundan başqa Alkaras mövsümlərarası fasilədə ABŞ-nin Mayami şəhərində braziliyalı Joao Fonseka ilə sərgi matçında üç setdə qalib gəlib.
Namiq HUN
tag: Karlos Alkaras,Məqşçi,Tennis,Böyük dəbilqə,Todaypress.tv,
