Dronlarla silahlanmış Ermənistana 2027-ci ildə hansı silahlarla qarşı çıxa bilərik?
2020-ci il İkinci Qarabağ müharibəsi dünya hərb tarixinə beşinci nəsil müharibə strategiyasının ilk böyük sınağı kimi düşdü. Müharibədə Azərbaycanın formalaşdırdığı müasir pilotsuz uçuş aparatları (PUA) arsenalı Ermənistanın sovet dövründən qalma hava hücumundan müdafiə sistemlərini tamamilə iflic edərək havada mütləq və sarsıdıcı bir üstünlük təmin etdi. Müharibədən sonrakı dövrdə – xüsusilə 2021–2023-cü illərdə baş verən lokal toqquşmalarda, "Qisas" və antiterror əməliyyatlarında PUA-ların cərrahi dəqiqliklə həyata keçirdiyi zərbələr regional hərbi balansın hüdudlarını yenidən cızdı. Bu dövrdə PUA sistemləri demək olar ki, mövcud olmayan və ağır məğlubiyyətə uğrayan Ermənistan isə dərhal taktiki dərslər çıxarmağa məcbur oldu. Son illərin dinamikası göstərir ki, İrəvan həm xarici satınalmalar (xüsusilə Hindistan və Fransa ilə hərbi tərəfdaşlıq), həm də daxili istehsal cəhdləri ilə yeni PUA-lar əldə etməyə və bu sahədə asimmetrik boşluğu dolduracaq yeni bir sistem qurmağa çalışır.
Mövcud regional hərbi-siyasi dinamika və tərəflərin hərbi potensialı nəzərə alınmaqla, 2027-ci il üçün mümkün eskalasiya riskləri hansı ssenarilər üzrə inkişaf edə bilər?
Sözügedən mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev TodayPress TV-yə danışıb.

Ekspert bildirib ki, dünyanın bir çox ölkələri Azərbaycanın Vətən müharibəsində müasir texnologiyalardan, o cümlədən müxtəlif təyinatlı pilotsuz vasitələrdən istifadə təcrübəsini dərindən öyrənir. Digər tərəfdən müdafiə sənayesi şirkətləri də davam edən münaqişə və müharibə təcrübəsindən irəli gələrək öz məhsullarını daha da modernləşdirirlər.
O, qeyd edib ki, Ermənistan Vətən müharibəsində məruz qaldığı itkilərin yerini doldurmağa çalışır və pilotsuz vasitələrin istehsalında müəyyən addımlar atır:
"Bəzi vasitələri Ermənistanın özündə istehsal edir, bəzilərini isə başqa ölkələrdən idxal edir. Təbii ki, qısa bir müddətdə Ermənistan öz döyüş potensialını bərpa etmək imkanlarından məhrumdur. Lakin Vətən müharibəsindən sonrakı dövrdə itirilən potensialın bir qədər bərpa olunduğunu da deyə bilərik".
Ədalət Verdiyev sonda vurğulayıb ki, buna baxmayaraq, heç bir halda Ermənistan mövcud potensialı ilə Azərbaycan ilə rəqabət aparmaq imkanına malik deyil:
"Nə 2027-ci ildə, nə də ondan sonrakı yaxın illərdə Ermənistanın Azərbaycana qarşı mübarizə aparmaq potensialı mövcud olmayacaq".
Jalə Rövşən