Bakı Knessetin qərarını dəyişdirdi - Ermənilər məyusdur
İsrailin “Haaretz” nəşri yazır ki, ölkə hökumətinin ötən ay təsdiqlədiyi qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərar Azərbaycanın təzyiqindən sonra Knessetdə səsverməyə çıxarılmayıb.
TodayPress TV xəbər verir ki, nəşrin məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar bu məsələnin irəli sürülməsini dəstəkləyib. Lakin iddiaya əsasən, Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Baş nazir Benyamin Netanyahunun ofisi ilə əlaqə saxladıqdan sonra Netanyahu səsvermənin keçirilməsini dayandırıb.
“Haaretz” bildirir ki, daha sonra İsrail tərəfi Azərbaycan nümayəndələrinə məsələni Knessetin gündəliyindən çıxardıqlarını və parlamentin yay tətili ərəfəsində keçiriləcək səsvermələr paketinə daxil edilməyəcəyini çatdırıb.
Bununla yanaşı, İsrail Xarici İşlər Nazirliyinin rəhbərinin ofisi səsvermənin Netanyahunun təşəbbüsü ilə ləğv edildiyi barədə iddiaları təkzib edib. Ancaq məsələni izah edən alternativ səbəb açıqlanmayıb.
Qeyd edək ki, məlumat “Haaretz” nəşrinin mənbələrinə istinadən yayılıb və İsrail hökuməti tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Kübra Musayeva