Ukrayna-Moldova sərhədi və enerji sistemində fasilələr yarandı

Dünya

31.01.2026 17:25

31 yanvar tarixində Ukrayna-Moldova sərhədində nəqliyyat vasitələri və malların keçidi müvəqqəti dayandırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Bu, Moldova gömrük orqanlarının mərkəzi məlumat bazalarında baş verən nasazlıqla əlaqədardır. Ukrayna Dövlət Gömrük Xidmətinin məlumatına görə, vətəndaşlar və beynəlxalq daşıyıcılar sərhəd keçidlərini planlaşdırarkən bu vəziyyəti nəzərə almalıdırlar. Yoxlama məntəqələrinin fəaliyyətinin bərpası barədə əlavə məlumat veriləcək.

Eyni gündə Ukrayna və Moldovada elektrik enerjisində kəsintilər baş verib. Rumıniya, Moldova və Ukraynanın enerji sistemləri arasında texnoloji fasilə nəticəsində Ukraynada kaskad elektrik kəsintiləri yaranıb və yarımstansiyalarda avtomatik mühafizə cihazları işə düşüb. Atom elektrik stansiyası blokları yükdən azad edilib.

Kiyev və Xarkovda metro xidmətləri dayandırılıb, su və istilik təchizatında da fasilələr müşahidə olunub. Moldovada İsakçea-Vulkaneşti-MDRES yüksək gərginlikli xəttində gərginlik düşməsi səbəbindən Kişinyov və ətraf rayonlarda, həmçinin Tarakliya, Kahul və Anenii Noidə elektrik enerjisi kəsilib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ukrayna,Moldova,Nəqliyyat,Keçid,Todaypress.tv,