Neqativ insanlar ömrünüzdən illər "oğurlayır"
Dünya
19.03.2026 19:00
Həyatınızdakı neqativ insanlar təkcə əhvalınızı pozmur, həm də bioloji saatınızı sürətləndirir.
TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki. bu barədə Duke Universiteti araşdırma paylaşıb.
Tədqiqatda bildirilir ki, sosial münasibətlərin sağlamlığa təsiri çoxdan məlumdur. Lakin bu dəfə alimlər məsələnin daha qaranlıq tərəfinə diqqət yetiriblər. "PNAS" jurnalında dərc olunan tədqiqat ilk dəfə olaraq “problem yaradan” və ya “zəhərli” adlandırılan insanların bioloji yaşlanma və iltihab proseslərinə mənfi təsirlərini konkret rəqəmlərlə ortaya qoyub.
Hər “neqativ” insan həyatınızdan 9 ay aparır
Tədqiqatın ən diqqətçəkən nəticələrindən biri sosial mühitdəki stress amillərinin sayı ilə bioloji yaş arasında birbaşa əlaqənin aşkar edilməsidir. Məlumatlara görə, həyatınızdakı hər əlavə “problem yaradan” amil bioloji qocalma sürətini 1,5% artırır ki, bu da təxminən 9 aylıq əlavə qocalmaya bərabərdir.
Tüpürcək nümunələrindən əldə edilən DNT metilasiyası (bioloji saat göstəricisi) əsasında aparılan analiz xroniki stressin hüceyrə səviyyəsində necə zərər verdiyini göstərir.
Ən təhlükəli amil ailədaxili gərginlikdir
Araşdırmalar göstərir ki, bütün neqativ münasibətlər eyni dərəcədə zərərli deyil. Xüsusilə ailə üzvləri və ya həyat yoldaşı ilə bağlı problemlər bioloji qocalma prosesini daha güclü şəkildə sürətləndirir.
Münasibətlərə görə “problem yaradan” şəxslərin nisbəti:
1.İş yoldaşları: 11,3% (ən yüksək göstəricilərdən biri)
2.Valideynlər və uşaqlar: 9,8%
3.Həyat yoldaşları və partnyorlar: 8,6%
4.Dostlar: 3,5% (ən aşağı risk qrupu)
Daha yüksək risk qrupunda olanlar
Mənfi münasibətlərin yaratdığı stress hər kəsə eyni dərəcədə təsir etmir. Duke Universitetinin tədqiqatçıları bəzi qrupların bu vəziyyətdən daha çox təsirləndiyini qeyd edirlər.
Qadınlar sosial əlaqələrə daha çox əhəmiyyət verdikləri üçün stress faktorlarından daha güclü təsirlənirlər. Siqaret çəkənlərdə isə orqanizm artıq oksidləşdirici stress altında olduğundan sosial stress bu prosesi daha da sürətləndirir.
Mövcud xəstəliklər də neqativ münasibətlərin təsirini artırır. Keçmiş mənfi təcrübələr isə yetkinlik dövründə sosial stressə qarşı müqaviməti zəiflədir.
“Sosial dairənizi təmizləmək” sağlamlıq üçün vacibdir
Tədqiqatçılar vurğulayırlar ki, bu nəticələr yalnız psixoloji məsləhət deyil, həm də ictimai səhiyyə baxımından ciddi xəbərdarlıqdır. İltihabın və bir çox xəstəliklərin riskini azaltmaq üçün zərərli sosial münasibətlərin məhdudlaşdırılması sağlam yaşlanma üçün düzgün qidalanma və fiziki aktivlik qədər vacib hesab olunur.
Jalə Rövşən
tag: Neqativ,Həyat ,Sağlamlıq ,Psixologiya ,Todaypress.tv,
