Moskva məhkəməsindən Xodorkovski barədə qərar

Moskva məhkəməsindən Xodorkovski barədə qərar
08.06.2026 22:10 Dünya

Moskvanın Meşanski Rayon Məhkəməsi rusiyalı iş adamı və müxalif siyasətçi Mixail Xodorkovski barəsində qiyabi hökm çıxarıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "Mediazona" məlumat yayıb.

Məhkəmə Mixail Xodorkovskini Rusiya ordusu haqqında "saxta məlumat yaymaq" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib. Ona həmçinin beş il müddətinə internet saytlarını idarə etmək qadağası qoyulub.

Bundan əvvəl prokurorluq Xodorkovski üçün 14 il həbs cəzası tələb etmişdi.

Məlumata görə, onun barəsində cinayət işi 2024-cü ilin yanvarında açılıb. İttihamın əsasını siyasətçinin "X" sosial şəbəkəsindəki paylaşımı və "YouTube" kanalında yayımladığı video təşkil edib.

İstintaqın versiyasına görə, Xodorkovski 2022-ci ilin sentyabrında Rusiya hərbçilərinin Ukraynadakı itkiləri ilə bağlı sənəd paylaşıb, 2024-cü ilin iyulunda yayımlanan videoda isə Kiyevdə yerləşən "Oxmatdet" xəstəxanasına endirilən zərbə barədə danışıb.

Bundan başqa, Xodorkovski daha bir cinayət işi üzrə də təqsirləndirilir. Rusiya Federal Təhlükəsizlik Xidməti onun və "Rusiyanın Müharibə Əleyhinə Komitəsi"nin digər üzvlərinin hakimiyyətin zorla ələ keçirilməsi, eləcə də terror təşkilatının yaradılması və ya fəaliyyətində iştirak etməsi ilə bağlı istintaqa cəlb olunduğunu açıqlayıb.

İstintaqın məlumatına əsasən, buna səbəb 2023-cü ildə Berlində imzalanmış və Rusiyada hakimiyyət dəyişikliyinin zəruriliyindən bəhs edən "Rusiya demokratik qüvvələrinin bəyannaməsi" olub.

Rusiya Ali Məhkəməsi isə bu ilin mart ayında "Rusiyanın Müharibə Əleyhinə Komitəsi"ni terror təşkilatı elan edib.

TodayPress TV 

XƏBƏR LENTİ
08 IYUN 2026
Bütün Xəbərlər