Pirlo ətrafında qalmaqal: Təyinat dayandırıldı
İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Covanni Malaqo Andrea Pirlonun milli komandanın baş məşqçisi postuna təyinatı ilə bağlı prosesi dayandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marsio məlumat yayıb.
Bildirilir ki, iyulun 27-nə planlaşdırılan təyinatla bağlı görüşlər ləğv edilib və səhər saatlarında tamamlanmalı olan təşkilati proses dayanıb.
Daha əvvəl 47 yaşlı mütəxəssisin İtaliya millisini çalışdırmağa razılıq verdiyi və yaxın günlərdə müqavilə imzalayacağı bildirilirdi. Lakin onun Rusiya ilə işgüzar əlaqələri səbəbindən namizədliyi ilə bağlı əlavə suallar yaranıb.
Andrea Pirlo yaydığı açıqlamada siyasətlə heç bir əlaqəsinin olmadığını, yalnız peşəkar əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini vurğulayıb.
Qeyd edək ki, Pirlo may ayının sonunda Moskvada bukmeker şirkətinin təşkil etdiyi reklam tədbirində iştirak edib. Mütəxəssis həmin şirkətlə rəsmi əməkdaşlıq edir. Bildirilir ki, Pirlo İtaliya millisinin baş məşqçisi vəzifəsinə rəsmən təyin olunacağı halda bu müqaviləyə avtomatik xitam veriləcək. Buna baxmayaraq, FIGC məsələnin bütün detallarını əlavə araşdırmaq qərarına gəlib.
Namiq HUN