Nepal tarixinin ən dəhşətli fəlakəti: Axtarışlar dayandırılır

Nepal tarixinin ən dəhşətli fəlakəti: Axtarışlar dayandırılır
05.10.2026 21:08 Dünya

Nepal hakimiyyəti ölkə tarixinin ən dağıdıcı daşqını nəticəsində həlak olanların və itkin düşənlərin axtarışı üzrə bütün əməliyyatları tədricən başa çatdırır.

TodayPress TV xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qərar Baş nazir Balendra Şahın sədrliyi ilə Fəlakət Risklərinin Azaldılması üzrə Milli Şuranın iclasında qəbul edilib.

"Biz avqustun 26-da baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üzrə işləri ən qısa zamanda başa çatdırmaq üçün mövcud resursları və canlı qüvvəni səfərbər edirik", – deyə hökumət başçısı bildirib.

Şura Maliyyə Nazirliyinə daşqından zərər çəkmiş rayonlarda 504 bərpa və reabilitasiya proqramının icrasına, habelə təbii fəlakətlər haqqında xəbərdarlıq sisteminin inkişafına 3,6 milyard dollar ayrılmasını təsdiqləməyi tövsiyə edib.

Mənbələrin daha əvvəl bildirdiyinə görə, xərclərin ən böyük hissəsi infrastrukturun payına düşəcək. Bu, elektrik şəbəkəsinin və zədələnmiş 13 Su Elektrik Stansiyasının (SES) bərpasına 2,56 milyard dollardan çox, dağılmış yol və körpülərin təmiri və yenidən qurulmasına isə 481 milyon dollardan artıq vəsait deməkdir.

Qeyd edək ki, avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Təbii fəlakətə Çinlə sərhəddə yerləşən "Rasuvaqadxi" buraxılış məntəqəsindən təxminən 20 km şimal-şərqdə qar uçqununun baş verməsi səbəb olub. Dağ süxurları axını böyük sürətlə çay yatağı boyunca 70 km-dən çox məsafə qət edərək yaşayış məntəqələrini dağıdıb və geniş ərazini su altında qoyub. 1 455 nəfər həlak olub, 5 285 nəfər isə itkin düşüb. Daşqın zonasında 13 795 nəfər xilas edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər