143 milyonluq mənimsəmə işində Bakı Apellyasiya Məhkəməsindən SON QƏRAR
Müdafiə Nazirliyində (MN) 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
TodayPress TV Report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, təqsirləndirilən şəxslərin verdiyi şikayət təmin edilməyib. Bakı Hərbi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinun hökmünə əsasən Nizami Məmmədov 11 il 6 ay, Cəlal Kazımov 11 il, Bayram Bayramov 11 il 6 ay, Vüsal Əlizadə isə 10 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyandan təxminən 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib.
Hazırda vurulmuş ziyanı ödəməkdən yayınan digər təqsirləndirilən şəxslər barədə işlərə ayrıca icraatlarda baxılır.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.