Fransanı bürüyən məktəbli üsyanı - Yüzlərlə yaralı, minlərlə saxlanılan

Fransanı bürüyən məktəbli üsyanı - Yüzlərlə yaralı, minlərlə saxlanılan
05.10.2026 22:20 Dünya

Fransada sentyabrın sonlarında başlayan və bəzi yerlərdə iğtişaşlara çevrilən yuxarı sinif şagirdlərinin nümayişləri zamanı azı 190 məktəbli xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə təhsil naziri Eduar Jeffre "BFMTV" telekanalının efirində bildirib.

"Sərəncamımızda olan son məlumatlara görə, etirazlar başlayandan bəri şagirdlər arasında artıq 190 xəsarət alan var", – deyə o bildirib.

Onun sözlərinə görə, onların əksəriyyəti küçə infrastrukturunun müxtəlif obyektlərinə dırmaşarkən hündürlükdən yıxılaraq təsadüfən və ya nümayişçilərin pirotexnikadan istifadə etməsi nəticəsində xəsarət alıblar.

Eyni zamanda, o, oktyabrın 5-də Lans şəhərində baş vermiş insidenti xatırladıb – orada bir yeniyetmə polisin qəlpəli qumbarasını götürərkən əlindən ağır xəsarət alıb. Jeffre bu hadisəni şərh edərkən başqa nazirliyin işinə qarışmayacağını, xüsusən də bütün təfərrüatları bilmədiyini bəyan edib, lakin "bütün Fransa üzrə şagirdlərin və böyüklərin mühafizə olunmasının" tərəfdarı olduğunu vurğulayıb.

Qeyd edək ki, yuxarı sinif şagirdlərinin etiraz aksiyaları sentyabrın sonlarında paytaxtın İl-de-Frans regionunda başlayıb və hazırda bütün Fransanı əhatə edib. Aksiyanın iştirakçıları həddindən artıq yüklənmiş dərs cədvəlinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə qarşı çıxış edirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları bu müddət ərzində 5 mindən çox saxlanılma həyata keçiriblər, halların 90%-ində bunlar həddi-buluğa çatmayanlar olub.

Aysel Mətləb

XƏBƏR LENTİ
05 OKTYABR 2026
Bütün Xəbərlər