Pirlo qərarı FIGC-də istefa dalğası yarada bilər
İtaliya Futbol Federasiyasının (FIGC) texniki direktoru Paolo Maldini Andrea Pirlonun milli komandanın baş məşqçisi postuna təyinatı əngəllənəcəyi təqdirdə istefa verə bilər.
TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Bildirilir ki, Maldini FIGC-də vəzifəyə yalnız yeni baş məşqçinin namizədini müstəqil müəyyənləşdirmək şərti ilə razılıq verib. Əgər federasiya rəhbərliyi Andrea Pirlonun namizədliyini rədd etsə, o bunu səlahiyyətlərinin məhdudlaşdırılması kimi qiymətləndirərək istefa məsələsini nəzərdən keçirə bilər.
Maldini daha əvvəl Antonio Konte və Roberto Mançini variantlarını qəbul etməyib. O, Kontenin tez-tez klub dəyişməsini mənfi hal hesab edib, Mançinin isə 2023-cü ildə İtaliya millisindən ayrıldıqdan sonrakı fəaliyyətini kifayət qədər inandırıcı saymayıb.
Mənbəyə əsasən, Xosep Qvardiola ilə danışıqlar nəticəsiz başa çatdıqdan sonra Maldini və federasiyanın müşaviri Leonardo seçimlərini 47 yaşlı Andrea Pirlo üzərində saxlayıblar. Onlar Pirlonun müasir futbol konsepsiyasına uyğun məşqçi olduğunu düşünürlər.
Lakin Pirlonun Rusiya bukmeker şirkətinin qlobal səfiri kimi fəaliyyəti onun təyinatı ətrafında mübahisələr yaradıb. Məşqçi bununla bağlı açıqlama versə də, FIGC prezidenti Covanni Malaqo onun təyinatı prosedurunu müvəqqəti dayandırıb.
Namiq HUN