Lukaşenko Ukraynaya xəbərdarlıq etdi

Dünya

17.12.2025 09:41

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin davam etməsinin ciddi qlobal təhlükələrə yol aça biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV  xəbər verir ki, Lukaşenko bunu ABŞ-nin Newsmax telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, müharibənin uzanması Ukraynanın mövcud formasında mövcudluğunu sual altına qoya bilər.

Lukaşenko bildirib ki, Rusiya döyüş meydanında irəliləyir və münaqişə yalnız Ukrayna rəhbərliyini sülhə razı sala biləcək real qüvvə ortaya çıxacağı təqdirdə dayana bilər. O vurğulayıb ki, hazırda əsas məqsəd insan itkilərinin qarşısını almaq üçün qırğını dayandırmaqdır.

Belarus lideri münaqişənin taleyində ABŞ Prezidenti Donald Trampın mövqeyinin mühüm rol oynadığını qeyd edib və Vaşinqtonu Ukraynadakı münaqişənin həllinə üstünlük verməyə çağırıb. Lukaşenkonun fikrincə, müharibənin davam etməsi qlobal miqyasda ağır nəticələrə səbəb ola bilər.

Xatırladaq ki,  Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı danışıqları münaqişə başlayandan bəri ən intensiv proses kimi dəyərləndirmiş və hərbi əməliyyatların dayandırılması üçün tərəfdaşlarla fəal əməkdaşlığın davam etdiyini bildirmişdi.

Lukaşenko isə daha öncə Rusiya Prezidenti Vladimir Putinin Ukraynada sülh istədiyini açıqlamışdı.

Jalə Rövşən 

TodayPress TV

tag: Aleksandr Lukaşenko ,Belarus,Ukrayna ,Donald Tramp ,Todaypress.tv,