Keçmiş prezidentə 30 il həbs cəzası verildi
Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok-yol Şimali Koreya ərazisinə pilotsuz uçuş aparatları göndərilməsi ilə bağlı iş üzrə 30 il həbs cəzasına məhkum edilib.
TodayPress TV xəbər verir ki, məhkəmə onun 2024-cü ildə Pxenyan üzərində dron uçuşlarını təşkil etməklə Koreya yarımadasında gərginliyi artırmağa çalışdığını müəyyən edib.
Prokurorluğun iddiasına görə, bu addım həmin ilin dekabrında hərbi vəziyyət elan edilməsi üçün əsas yaratmaq məqsədi daşıyıb. Məhkəmə Yun Sok-yolu vəzifə səlahiyyətlərindən sui-istifadə və düşmənə yardım etməkdə təqsirli bilib.
Yun Sok-yol ittihamları qəbul etməyib. Onun vəkilləri dron əməliyyatının Şimali Koreyanın təxribatlarına cavab xarakteri daşıdığını və hərbi vəziyyət planı ilə əlaqəsinin olmadığını bildiriblər.
Qeyd edək ki, keçmiş prezident bundan əvvəl 2024-cü ilin dekabrında hərbi vəziyyət elan etməsi ilə bağlı qiyam işində ömürlük həbs cəzası almışdı. O, impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb və hazırda bir neçə cinayət işi üzrə istintaq və məhkəmə prosesləri ilə üz-üzədir.
Türkan İsgəndərli