Gecə nə baş verib? ABŞ qırıcıları hədəfdə - VİDEO

Gecə nə baş verib? ABŞ qırıcıları hədəfdə - VİDEO
11.06.2026 08:37 Dünya

ABŞ və İran arasında gərginlik yeni mərhələyə keçib.

TodayPress TV xəbər verir ki, Pentaqonun açıqlamasına görə, ABŞ qüvvələri İrana məxsus hava hücumundan müdafiə sistemləri, rabitə qovşaqları və hərbi müşahidə obyektlərinə qarşı genişmiqyaslı əməliyyat keçirərək 49 ədəd "Tomahawk" qanadlı raketi buraxıb.

Vaşinqtonun hücumlarına cavab olaraq, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə zərbələr endirib. Tehran Küveyt, İordaniya və Bəhreyndəki ABŞ bazalarının, o cümlədən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının hədəf alındığını açıqlayıb.

İran tərəfi hücumlar nəticəsində 18 hərbi hədəfin məhv edildiyini iddia edir. Bildirilir ki, İordaniyanın Əl-Əzraq aviabazasında yerləşən F-15, F-16 və F-35 qırıcılarının dislokasiya məntəqələri də vurulub. ABŞ tərəfi isə bu məlumatları hələlik təsdiqləməyib.

Artan təhlükəsizlik riskləri fonunda Küveyt hava məkanını müvəqqəti bağlayaraq bütün mülki aviareysləri alternativ marşrutlara yönləndirib. Qətər rəsmiləri isə ölkənin hava hücumundan müdafiə sistemlərinin gücləndirilmiş rejimdə fəaliyyət göstərdiyini və mümkün hava təhdidlərinə qarşı tədbirlərin görüldüyünü bildiriblər.

Məlumata görə, gərginliyin kəskinləşməsinə ABŞ Prezidenti Donald Trampın Tehranı nüvə danışıqlarını uzatmaqda ittiham etməsindən sonra verilən hərbi əməliyyat qərarı səbəb olub. Bəzi mənbələr eskalasiyanın səbəblərindən biri kimi Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus hərbi helikopterin qəzaya uğramasını göstərir.

Regionda vəziyyətin daha da mürəkkəbləşməsi fonunda bir sıra ölkələr təhlükəsizlik tədbirlərini gücləndirir, beynəlxalq ictimaiyyət isə tərəfləri təmkinli olmağa və diplomatik həll yollarına qayıtmağa çağırır.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər